21 fevral 2024 14:28
581

Uşaqları sosial şəbəkələrin mənfi təsirindən necə xilas edək?

Önəmsiz görünən ailədaxili şiddət geridönüşü olmayan təhlükənin, hətta cinayətin başlanğıcı ola bilər

“Ailədaxili şiddət ailə üzvlərinin sağlıq fəaliyyətini zədələyir, ailə üzvləri arasındakı münasibətlərə dərindən neqativ təsir edir və ailədə gərginlik yaradır. Bu, fiziki, emosional, psixoloji, cinsəl, iqtisadi və digər formalarda özünü büruzə verir.  Hər hansı bir kəsici alətlə və ya silahla yaralama, fiziki zədələrə səbəb olan yaralama, bədənə xəsarət, saçyolma, itələmək kimi toxunuşlar fiziki şiddət hesab olunur. Ac saxlamaq, məcburi, istəmədiyi ərzaqla qidalanmağa məcbur etmək, güclə pis alışkanlığa vadar etmək də fiziki şiddət qəbilindən hesab olunur.  Təhqir etmək, qarğış yağdırmaq, alçaltmaq, yersiz günahlandırmaq, özünü dəyərsiz hiss etdirmək, əsassız mühakimə etmək emosional şiddətdir. Sosial rollarına müdaxilə etmək, sosial məkanlara məcburi aparmaq və ya bu yerlərə getməyi məhdudlaşdırmaq da psixoloji şiddətdir.Sosial həyat fəaliyyətinə müdaxilə, zorla evləndirilmək, gedilən yerlərə ve görüşdüyün insanlara qarışmaq da psixoloji şiddət hesab olunur.Seksual təcavüz, istəmədiyin şəxslə cinsəl münasibətə məcbur edilmək, fiziki və ya sözlə arzuolunmayan duruma düşürülmək, sosial mediada özəl cinsəl ilişkilərin yayılması, icazə alınmadan səs yazıların, video görüntülərin yayılması, namus və cinsəl haqlarına müdaxilə olunması cinsəl şiddət hesab olunur.  İnsanın pulunu və ya qiymətli əşyasının zorla əlindən alınması, maddi imkanların azaldılması, az pulla və ya pulsuz məcburən bir yerdə işlədilməsi, istədiyi işə gedə bilməsinə mane olmaq iqtisadi şiddət hesab olunur.”

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru, beynəlxalq gender eksperti, sosioloq Kifayət Ağayeva bildirib.

"Mentalitet, adət-ənənə” adı altında özlərindən gücsüzləri şiddətə məruz qoyurlar və buna bəraət qazandırırlar 

Sosioloqun sözlərinə görə, ailədaxili şiddəti kökündə müxtəlif səbəblər dayanır: ”İnsanlarda olan özgüvən əksikliyi və bunun emosional asılılıqlara aparıb çıxarması ailədaxili şiddətə səbəb olur. Bundan başqa tez-tez rastlaşdığımız digər səbəblər isə depressiya, sinirinə hakim ola bilməmək, özündən kiçikləri, xüsusən də azyaşlı uşaqları istismar etmək, kişilərdə “kişilik”lərini cəmiyyətdə sübut etmək istəyinin baş qaldırması, iqtisadi cəhətdən zəiflik, işsizlik, alkol və ya narkotik vasitələrdən asılı olma, özünü güclü göstərmə ehtiyacı və özündən zəifi nəzarət etmə arzusu ola bilər.

Mütəxəssis vurğuladı ki, ailədaxili şiddətə məruz qalanların əksəriyyəti cəmiyyətdən demək olar ki, təcrid olunmuş şəkildə yaşayanlarıdır. Ünsiyyətcil cəmiyyət üzvləri arasında belə şiddətə məruz qalanlar nisbətən azdır. Təəssüf ki, cəmiyyətdə hələ də bəzi tabular mövcuddur və bu tabuları dəf edə bilmirik. Hələ də “qızını döyməyən dizini döyər”, “yaxşı at özünə qamçı vurdurmaz”, prinsipi ilə yaşayan və bu prinsipləri dəstəkləyən insanlar var. “Mentalitet, adət-ənənə” adı altında özlərindən gücsüzləri şiddətə məruz qoyurlar və buna bəraət qazandırırlar. 

“Şiddət görən insanları necə “sağaltmalı” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Ən geniş yayılmış terapiya psixoloqların göstərdiyi koqnitiv davranış terapiyasıdır. Bu müalicə proqramının məqsədi danışaraq problemlərini çözmək, siddətin səbəblərini aydınlaşdırmaq, düşüncə və davranışlarında dəyişikliklər etməyə nail olmaqdır. Ailə üzvlərinin arasındakı ünsiyyət əksikliyini bərpa etmək, mövcud problemlərə aydınlıq gətirməkdir.” 

Mobil telefonlara, internetə ifrat aludəçilik ailələrdə valideyn-övlad münasibətlərini zədələyib

Sosioloq diqqətə çatdırdı ki, ailədaxili zorakılığa, konfliktlərə səbəb olan amilləri aradan qaldırmaq üçün sinir sistemini pozmağa səbəb olan nədənləri, travmaları, maddi və mənəvi problemləri aşkar etməliyik. Fərqinə varmadan beyinlərinə həkk etdikləri ailə, əxlaq və namus məsələlərinə aydınlıq gətirməliyik.  Duyğu və düşüncələrini dilə gətirməliyik və bunu bir-birimizə bəyan etməliyik. Bəzən ailədaxili şiddəti ailə üzvləri normal münasibət hesab edir, bunun şiddət olmasını anlamırlar, amma bu məsələ ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün işlər görməliyik.  
Ekspert xüsusi olaraq qeyd etdi ki, kütləvi informasiya vasitələrinə nəzarət olmalı, sosial mediada mövcud neqativ ünsürləri qadağan etməliyik. xüsusilə “TikTok”un fəaliyyəti nəzarətə götürülməlidir. Bu gün elə dövrdə yaşayırıq ki, uşaqlar sosial şəbəkələrin təsiri altına düşürlər, mobil telefonlara, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib. "Dur" deməyi bacarmalıyıq! Çox vaxt bizə önəmsiz, kiçik görünən ailədaxili şiddət çox böyük geridönüşü olmayan təhlükənin, hətta cinayətin başlanğıcı ola bilər.

Yaqut Ağaşahqızı, "İki sahil"