23 fevral 2024 13:25
983

Uşaqlara qoyulan qəribə adlar onlara hansı psixoloji təsirlər edir? - MÜTƏXƏSSİS AÇIQLADI

Uşaqlara ad seçərkən bölgə, əşya, heyvan, meyvə-tərəvəz, hansısa kinonun qəhrəmanlarının adını verməyin

Son zamanlar valideynlərin uşaqlarına qoyduqları qəribə, nadir və qeyri-adi adlar təəccüb doğurur. Təəssüf ki, aidiyyəti qurumlar tərəfindən valideynlərə dəfələrlə xəbərdarlıq olunsa da uşaqlara gülünc doğuran, qeyri-adi adların qoyulması halında indi də rast gəlinir. Belə ki, keçən il uşaqlara  Dağlar Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana Gilə, Tovuz, Koroğlu, Duanur, Şirbəy, Bircəgül, Gülqənd, Gülsurat, İton, Zeytunə, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan adları verilib.

Maraqlıdır, bu cür adlar uşaqların psixologiyasına necə təsir edir? Valideynlər uşaqları üçün ad seçərkən nələrə diqqət etməlidirlər? 

“Valideynlər özü də bilmədən öz sevdikləri şəxsin, xoşuna gəldiyi insanların adlarını uşaqlara verirlər. Valideynin uşağa qoyduğu ad şücaətli, əzmli, özgüvənli şəxslərin adıdırsa, bu uşaqda ömrü boyu yaxşı təsir bağışlaya bilər. Amma, uşaqlara ad seçərkən bölgə, əşya, heyvan, meyvə-tərəvəz, hansısa kinonun qəhrəmanlarının adını verdikdə bəzən bunlar uşağa gələcəkdə problem yarada bilir. Belə uşaqlarda özgüvən əskikliyi, həyəcan pozuntusu, utanmaq hissi yaranır. Bu hissləri yaşayan uşaq özünü irəli aparmaq istəmir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova söyləyib. 

Pedaqoqun sözlərinə görə, adların bizim həyatımızda çox böyük enerj gücü  və necə bir şəxsiyyət olmağımıza təsiri var: “Ona görə də uşağa ad seçərkən  uzun olmayan, gözəl və tələffüzə uyğun, ad seçmək lazımdır. Gəlin, yaxşı adları həyatımıza çəkək. Hər bir valideyn övladına  gələcəkdə qürur duyacağı, özgüvən verən, onun adını çağırdıqda fəxr edəcəyi, özünü yaxşı hiss edəcəyi adlar verməlidir. Əgər, biz uşaqlarımıza yaxşı adlar versək, gələcəkdə onların motivasiyalı, hədəfli və güclü insan olmağına ilk addımı atmış olarıq. 

Yaqut Ağaşahqızı, “İki sahil”