26 fevral 2024 16:36
1322

Deputat: Hazırda xalqları milli identikliyindən uzaqlaşdırmaq meyilləri var

Hazırda dünyada xalqları milli identikliyindən (dəqiqliyi) uzaqlaşdırmaq meyilləri hiss olunur. Buna imkan verməməli, öz deyərlər sistemimizi qorumalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Yeni tarixi mərhələ - yeni milli ideologiya” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

O söyləyib ki, Azərbaycan xalqı olduqca mühüm tarixi mərhələni başa vurub.

Deputat bildirib ki, Azərbaycanın prioriteti torpaqlarını işğaldan azad etmək idi: “Bunun üçün bütün resursları səfərbər etdik. Xalqla iqtidar həmrəylik göstərdi”.

E.Mirbəşiroğlunun sözlərinə görə, yeni tarixi mərhələ cəmiyyət üçün mühüm rol oynayır: "Azərbaycan xalqının həmrəyliyini təmin edəcək milli ideyanın yaranmasına, o ideyaya uyğun fəaliyyət planlarının həyata keçirilməsinə ehtiyac var".

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, Ulu Öndər Heydər Əliyev kursu təkcə siyasi kurs deyil, həm də azərbaycançılıq məfkurəsidir: “Bu məfkurə hər kəs üçün yol xəritəsi olmalıdır”.

B.Məhərrəmov azad fikrin milli ideologiyanın qorunmasında mühüm rol oynadığına diqqət çəkib: “Bizim milli ideologiyamız milli kimliyimizi formalaşdıran, qoruyan amillərdəndir”.

Media eksperti Müşviq Ələsgərli milli ideologiya ilə bağlı vikipediya yaradılmasını təklif edib: “Çünki internetdə milli ideologiya ilə bağlı fərqli mənbələr, məlumatlar var. Bu, çaşqınlıq yarada bilər. Onu da nəzərə almaq lazımdır ki, hər kəsin tədqiqat aparmağa imkana, həvəsi yoxdur”.

Ekspert söyləyib ki, milli ideologiya ilə bağlı vahid vikipediyanın, təriflərin olmasına ehtiyac var.