27 fevral 2024 23:19
575

Yeni təxribat planı: Havadarları Ermənistanı müharibəyə hazırlaşdırır

Azərbaycanın  yaratdığı yeni reallıqlar Cənubi Qafqazda sülhün bərqərar olunmasına zəmin yaratdı. Rəsmi İrəvan da Bakının sülh çağırışlarına müəyyən mənada müsbət cavab verdi. Amma Fransa kimi havadarlarına arxalanan Ermənistan sonradan vədinə dönük çıxdı. Son günlər İrəvanda separatçıların, revanşistlərin fəallaşması da hadisələrin artıq tamamilə başqa bir məcraya yönəldiyindən xəbər verir. Hələ bu azmış kimi Hayastan şərti sərhəddə vəziyyəti gərginləşdirməkdədir. Belə ki, fevralın 24-də  Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər rayonunun Yellicə və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Amma iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Qeyd edək ki, fevralın 12-də və 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozmuşdular. Səbəb nədir? Şübhəsiz, son günlər Qərbdə, əsasən də Fransada Azərbaycana qarşı aparılan kampaniya ilə Ermənistanın bu təxribatları arasında bağlılıq var. 

Avropa İttifaqı missiyasının fəaliyyəti sərhəddə gərginlik yaratmaqdır

Əgər xatırlayırsınızsa, ərazilərimizin işğalı dönəmində də danışıqlarda azacıq irəliləyiş yaranan kimi haylar öz havadarlarının təkidi ilə bu kimi təxribatlar törətməyi siyasi kursa çevirmişdilər. Elə indi də onlar öz ənənəvi metodlarını davam etdirirlər. Hayların  isə  bu sahədəki “ustalıqlar”ına söz ola bilməz.  Ermənistanın törətdiyi təxribatlar bu ölkənin təcavüzkar mövqeyindən  əl çəkməməsinin, erməni xislətinin hələ də dəyişməməsinin  əyani sübutudur. Baş verən proseslər Ermənistanın bu mövqeyinin məqsədli olduğunu və havadarlarının əli ilə yenidən müharibəyə hazırlaşdığını təsdiqləyir.  Bir sözlə, Ermənistan heç bir vəchlə öz revanşist əməllərindən əl çəkmir, bununla yanaşı, ikili oyunlar oynamağa cəhd edir. Bir tərəfdən bölgədə sabitliyin bərpa olunması, iki ölkə arasında münasibətlərin tənzimlənməsi məqsədilə sülh müqaviləsinin imzalanmasına razı olduqlarını bəyan edirlər, digər tərəfdən də  təxribatları davam etdirirlər. Təəssüf ki, nə Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası”, nə də digər beynəlxalq qurumlar hazırda cərəyan edən hadisələrə əsaslı münasibət bildirmirlər. Bu da səbəbsiz deyil. Onların missiyası heç də iddia etdikləri kimi sülh deyil. Şərti sərhəddə vəziyyətlə bağlı kəşfiyyat məlumatları toplamaq, əraziyə casuslar yerləşdirməklə Ermənistana yardımçı olmaqdır. “Binokl diplomatiyası” da bu prosesin tərkib hissəsidir.  Qərb diplomatiyasının "binokl seyri" isə sabitlikdən çox qarşıdurmaya, Hayastanı silahlandırmağa xidmət edir. Bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramov da bildirmişdi ki, Avropa İttifaqı missiyasının fəaliyyəti sərhəddə gərginlik yaratmaqdır: “Avropa İttifaqı missiyasının sərhəddəki fəaliyyəti, gərginlik olmadığı halda müxtəlif Qərb diplomatlarının sərhədə gəlməsi bu məsələnin daim gündəmdə saxlanılmasına və gərginlik kimi təqdim edilməsinə xidmət edir”.

Ermənistan ordusu üçün yeni silahlar…

Şərti sərhəddə döyüşə hazırlaşaraq bir neçə yüksəkliyi ələ keçirməyi, az da olsa hərbi qələbə əldə edərək üstün mövqe əldə etməyi hədəfləyən Hayastan anlamalıdır ki, hər hansı kiçik təxribat onun üçün  böyük bir fəlakətə gətirib çıxaracaq. Buna rəğmən o, bu şakərindən əl çəkmir. Halbuki, 5 aya yaxın idi ki, sərhəddə demək olar sakitlik mövcud idi. Görünür, sakitliyin hökm sürməsi bəzi çevrələri, o cümlədən təzavüzkar ölkəni növbəti müharibəyə sürükləməkdə iddialı olan Fransanı çox narahat edirdi. Odur ki, əllərindən gələni etdilər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Elə həmin təxribatların Nikol Paşinyanın Fransaya, sözügedən ölkənin  müdafiə nazirinin isə İrəvana rəsmi səfərlərindən sonra baş verməsi bunu bir daha təsdiq edir.  Yeri gəlmişkən qeyd edək ki, Makron hazırda təcavüzkar ölkəni Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlarla təchiz etməkdə, üstəlik, onun ordusuna əl gəzdirməkdədir. Daha doğrusu, fransız hərbçilərin Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçməkdədir.

Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanın Parisdə birgə keçirdikləri brifinqdə Hayastanı silahlandırmağa davam edəcəyini bildirib: “Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”. Makron bu niyyətlə xaricdəki erməniləri də Paşinyanın ətrafında birləşməyə çağırıb. Belə ki, o, elə həmin səfər çərçivəsində Nikol Paşinyanla Fransa-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan arasında görüş də təşkil edib. Daha doğrusu, Makron Fransadakı daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışıb. Bu görüşlərdən sonra isə  “Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır” deyən Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Hayastana ikigünlük rəsmi səfərə gəlib. O, Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə İrəvanda keçirdiyi mətbuat konfransında Fransa üçün sərhədlərin mühafizəsinin prioritet olduğunu bildirib. Fevralın 2-də isə Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının yerləşdiyi əraziyə baş çəkmiş, sərhəddəki vəziyyətlə tanış olmuşdu. Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra şərti sərhəddə təxribat törədildi.  Bütün bunlar göstərir ki, Cənubi Qafqazda dayanıqlı sülhün,  qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında ən böyük  maneə  Fransadır. Elə təxribat ssenariləri də bu ölkə tərəfindən yazılır. Ermənistanın Fransa tərəfindən sürətlə silahlandırılması, təxribat xarakterli addımları atması  onu deməyə əsas verir ki, İrəvan sülhə deyil, Fransanın yardımı ilə müharibəyə hazırlaşır. Özü də bütün bunlar Paşinyanın Rusiyanın ünvanına sərt ittihamlar səsləndirməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin dondurulduğunu bəyan etməsi ilə eyni vaxta təsadüf edir.  Di gəl, Paşinyan anlamır ki, Qərbyönümlü kursu şəraitində ölkənin KTMT-də iştirakını şifahi müstəvidə də olsa, dondurması və ya dayandırması regional qeyri-sabitliyi artırmaqla, İrəvanın təhlükəsizliyini əhəmiyyətli dərəcədə azaldır.

Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmağa çalışır

Şübhəsiz, bu gedişat Rusiyanın yerinə bölgədə möhkəmlənmək istəyən, burada söz sahibinə çevrilmək niyyətində olan, Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışan  Makronun ürəyincədir.  Ümumiyyətlə, uzun dövrlər ermənilərdən yaşadıqları coğrafiyada gərginlik yaratmaq üçün istifadə olunub. Bu gün isə sanki tarix yenidən təkrarlanır. Belə ki, bu dəfə Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Şübhəsiz, Azərbaycan hadisələrin istənilən inkişaf variantına hazırdır.

Bütün təxribatlar həm də ona dəlalət edir ki, Ermənistan havadarlarının əli ilə  danışıqlar formatını dəyişdirmək niyyətindədir.  Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlamaq istəyirlər. Amma bu, onların xam xəyallarından başqa bir şey deyil. Rəsmi İrəvan anlamalıdır ki,  bu kimi əməlləri regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycanı haqq yolundan döndərə bilməyəcək. Onların hər dəfə törətdikləri təxribat və şantajlar da artıq effektli şəkildə beynəlxalq aləmdə ifşa olunur. Haylar son 3 ildəki acı məğlubiyyətdən, ötən il keçirilmiş birgünlük antiterror tədbirlərindən, eləcə də bu ilin fevralın 13-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində atəşkəsin pozulmasından sonra Azərbaycanın həyata keçirdiyi  “qisas əməliyyat”ından nəticə çıxarmalıdır.  Unutqanlıq Hayastana heç də yaxşı şeylər vəd etmir. Bütün bunlar isə o deməkdir ki, bundan sonra da Azərbaycana qarşı hər hansı bir təhlükə mənbəyi olsa, o, dərhal məhv ediləcək. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bundan sonra təcavüzkar niyyətli, işğal niyyətli hər hansı bir qüvvə Ermənistanda baş qaldırsa, o başı necə lazımdırsa, əzəcəyik. Yəni, Azərbaycan Ordusu öz ərazi bütövlüyü və suverenliyinə qarşı bütün təhdidlərə ən sərt formada cavab verəcək. Yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın, həmçinin bölgədə vəziyyəti gərginləşdirməkdən əl çəkməyən Fransanın rəhbərliyinin üzərinə düşəcək.

Ermənistan isə  sülh istəyirsə, təxribatların mənbəyi olan Avropa İttifaqının müşahidə missiyasının buna heç bir töhfə verməyəcəyini anlamalı, Fransa ilə münasibətlərini korrektə etməlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hayastanı bir daha xəbərdarlıq edərək demişdir: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”