02 mart 2024 03:41
384

Aclar-yalavaclar ölkəsi

Azərbaycana qarşı revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur

Bu gün Ermənistanın düşdüyü mürəkkəb vəziyyətdən çıxması üçün bir yolu var. Bu, qalib Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşaraq qısa müddətdə sülh sazişini imzalamaqdır. Eyni zamanda bu, hayların indiki təcrid vəziyyətindən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmələri üçün də vacibdir. Bundan başqa, hazırda geopolitik proseslər də tamamilə Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə işləyir.

Bəli, reallığı bir az ağılla düşünən haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik əl çəkmək, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diasporun inanə şəklində verdiyi 30-40 milyon dollarla yaşamaq qeyri- mümkündür.

Bugünkü reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşında məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq işğalçı ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran davam etməkdədir. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Əks təqdirdə xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq heç bir nəticə verməyəcək.

Belə bir çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan hakimiyyətinin ölkəsindəki nüfuzu gündən-günə sıfırın altına yuvarlanmaqdadır. Yəni, bu gün lider kasadlığı və səfil həyat hayları ölkələrindən kütləvi köç etməyə məcbur edən digər amildir. Ermənistan Dövlət Statistika Agentliyinin məlumatına görə, son iki ildə ölkəni birdəfəlik tərk edənlərin sayı 27 min nəfərdən çox olub. Eyni zamanda açıqlamada bildirilir ki, 2021 -2023-cü illərdə ölkə vətəndaşlarının hər üç nəfərindən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 30 faizini təşkil edir ki, onlardan 1, 8 faizi çox yoxsul, 8 faizi olduqca yoxsuldur. Ölkə üzrə yoxsulların sayı isə təxminən 900 min nəfərdir.

Erməni iqtisadçıların fikrincə, yoxsulluğun qarşısının alınması üçün 64.2 milyard dram (130.5 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1, 2 faizini təşkil edir. Ermənistan kimi kiçik və kasıb ölkə üçün bu, olduqca böyük rəqəmdir. Qeyd edək ki, Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi durum bunun mümkün olmayacağını göstərir.

Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə ölkənin xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu 7 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Ermənistanın tanınmış iqtisadçıları da etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsində səmərəli yatırıma xərclənmədiyi üçün yeni inkişafa təsir göstərməyib.

Rəqəmlər və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflas olacaqdır.

Elçin Zaman, «İki sahil»