15 mart 2024 12:28
407

Qadınların çəkisi niyə artır? - FOTO

Mama-ginekoloq Monika Kristmas bildirib ki, qadının yetkin yaşda incə qalmasının qeyri-mümkün olması fikri tamamilə əsassızdır.

“İki sahil” "Lenta.ru"ya istinadla xəbər verir ki, o, CNN-ə müsahibəsində menopozdan sonra çəki artımı ilə bağlı səbəbləri açıqlayıb.

Kristmas, son araşdırmalara istinad edərək, 40-50 yaş arası qadınların  çəkilərinə hər il orta hesabla 700 qram əlavə etdiyini söyləyib. Onun sözlərinə görə, bu menopozdan sonra yavaşlayan maddələr mübadiləsi ilə bağlıdır. Həkim çəki artımının digər səbəbi kimi isə yaşlanmanı göstərib.

Doktor əmindir ki, əgər bir xanım həyat tərzini tənzimləsə, yaşının artmasına baxmayaraq, onun bədənində, fiziki görünüşündə dəyişikliklər minimal olacaqdır.

Həkim 40 yaşdan yuxarı qadınlara işlənmiş qidalardan, “fast food”dan və spirtli içkilərdən imtina etməyi, daha çox bitki mənşəli qidalar, daha az ət yeməyi tövsiyə edib. Mütəxəssis həmçinin əmindir ki, yaxşı forma saxlamaq üçün kifayət qədər yatmaq, düzgün istirahət etmək, uzun müddətli stressdən qaçmağa çalışmaq və hər gün aktiv olmaq - idman etmək, gəzmək, rəqs etmək, velosiped sürmək, qaçmaq lazımdır.

Günel Cəlilova, "İki sahil"