18 mart 2024 13:23
424

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

Ulupınar mahalının Qaradərə bölgəsində dağda yaşayan Mehmet Çabuk adlı şəxs qeyri-adi həyatı ilə diqqət çəkir. Çabuk dərədə öz imkanları hesabına taxtadan tikdiyi, üzərini neylon örtüklə örtdüyü sığınacaqda yaşayır. O, 100-ə yaxın keçisinin yanından heç ayrılmır.

“İki sahil” "Hurriyet"ə istinadən xəbər verir ki, 2007-ci ildə bir gecədə 150-yə yaxın keçisi oğurlandıqdan sonra insanlardan üz çevirən Çabuk 17 ildir həftədə iki dəfə yemək alış-verişi istisna olmaqla, yaşadığı yeri heç tərk etmir. Onun yemək alış-verişi üçün piyada getdiyi yer dərədən  45 dəqiqəlik məsafədədir.

Gecələr keçiləri ilə yatan, səhər tezdən oyanan, ocaq yandırıb gül yığan, dərədə uzun-uzadı gəzən Çabuk onu ziyarətə gələn qohumlarına vəziyyətinin yaxşı olduğunu deyir.  

Vadidəki dərədə çimən, xarici dil bilmədiyi üçün zaman-zaman bölgəyə gələn turistlətlə işarət dili ilə ünsiyyət quran Çabukun sağlamlığı da diqqət çəkir. Belə ki, o, dərman istifadə etmir və gün ərzində cəmi 2 dəfə yemək yeyir. Çabuk, keçilərinin oğurlandığı vaxt stress keçirdiyi üçün təzyiq müalicəsi aldığını deyib. İndi təzyiqinin kifayət qədər nizamlandığını bildirib.

Çabuk, heç vaxt darıxmadığını deyib: "Səhərlər əllərimi cibimə qoyub buralarda gəzirəm. Darıxmıram, öyrəşmişəm. Keçilərim olmasaydı, burada 1 saat da qala bilməzdim. Allah nə versə, yeyirəm. Səhər yeməyində çay dəmləyib zeytun və çörəklə yedim”.

Heç vaxt evli olmayan Çabuk bundan sonra da yanında heç kimi istəmədiyini bildirib.

Günel Cəlilova, "İki sahil"