19 mart 2024 01:36
247

217 doza COVID peyvəndi?

Bəli, düzgün oxudunuz! Almaniyada bir kişiyə 29 ay ərzində ən azı 217 doza COVID-19 peyvəndi vurulub.

“Huffington Post”un verdiyi məlumata görə, ölkənin şərqindəki Maqdeburq şəhərindən olan 62 yaşlı həmin şəxs anormal miqdarda COVID-19 peyvəndi alıb.

Uzun müddət kimsənin bu anormallıqdan xəbəri olmayıb, çünki şəxs tibbi sığorta kartı olmadan peyvənd mərkəzlərinə gedirmiş.

Bəs onun məqsədi nə idi? Fransanın "BFMTV" telekanalı alman mediasına istinadən bildirib ki, kişi peyvənd olunmaq istəməyən insanlara satmaq üçün mümkün qədər çox vaksin sertifikatı əldə etmək istəyirmiş.

Bu alman kişi təbii olaraq alimlərin tədqiqat obyektinə çevrilib. Hadisəni Erlangen Universitetinin tədqiqatçıları fakültənin saytında işıqlandırıblar.

“Hiper-vaksinasiyalı” şəxsin immunitetinə təsirini qiymətləndirmək istəyən tədqiqatçılar immunitet sisteminin hər hansı bir zəifləməsini qeydə almayıblar. Ancaq bəzi nəzəriyyələrə görə, həddindən artıq peyvənd immun hüceyrələrini antikorlara alışdıraraq onu daha az təsirli edir.

Bununla belə, elm adamları bunun yalnız fərdi bir hal olduğunu, heç bir şəkildə bütün əhalini təmsil etmədiyini qeyd edirlər. Dozaların belə çoxaldılması qəti şəkildə tövsiyə edilmir.

Erlangen Universitetinin doktoru Kilian Skoberin “Huffington Post”a  müsahibəsində bildirib ki, hazırkı tədqiqatlar göstərir ki, həssas qruplar üçün müntəzəm tamamlayıcı peyvəndlərlə birlikdə üç dozalı peyvənd üstünlük verilən yanaşma olaraq qalır. Çoxaldılmış dozalara ehtiyac yoxdur.

Bəs bu qeyri-adi halın nəticəsi nə olacaq? Dələduzluq iddiaları ilə bağlı məhkəmə istintaqı açılsa da, indiki mərhələdə heç bir cinayət işi müəyyən edilməyib.

Nubar Süleymanova, “İki sahil”