19 mart 2024 16:38
592

Ürək-damar xəstəliklərinin qarşısının alınması fərdin özündən asılıdır - Şəfəq Nəzirova

Tibbi müayinələrdən keçilməli, sağlam həyat tərzinə üstünlük verilməli, siqaretdən istifadə olunmamalı, qan şəkəri və arterial təzyiq nəzarətdə saxlanılmaldır

İlk öncə insanlarımıza məsləhətim ürək-damar xəstəlikləri yaranmadan həkimə müraciət etmələri, profilaktik kardioloji müayinələrdən keçmələri, sağlam həyat tərzinə üstünlük vermələridir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirdi. 

Kardioloq qeyd etdi ki, insan artıq hər hansı bir ürək xəstəliyinə sahibdirsə, xəstəliyinə uyğun verilmiş müalicəni müntəzəm davam etməli  , sağlam həyat tərzinə əməl etməli, xəstəliyin yaranmasında rol oynayan risk faktorlarını kontrolda tutmalı, mütəmadi olaraq mütəxəssis müayinəsindən keçməlidir. Ürək-damar xəstəliklərinin qarşısının alınması ilkin olaraq fərdin özündən asılıdır.

Belə ki, ilkin tibbi müayinələrdən keçilməli, sağlam həyat tərzinə üstünlük verilməli, siqaretdən istifadə olunmamalı, qan şəkəri və arterial təzyiq kontrolda tutulmalı , stressdən maksimum dərəcədə uzaq durulmalıdır. Bu profilaktik tədbirlər ürək-damar xəstəlikləri riskini əsaslı şəkildə azaldır və dolayısı ilə ölüm səbəbini azaldır.

Yaqut Ağaşahqızı, “İki sahil”