22 mart 2024 00:31
599

Qərb regiona daha geniş miqyasda hərbi baxımdan daxil olmaq niyyətindədir - AÇIQLAMA

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mətbuata verdiyi açıqlamada aprel ayının əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və NATO baş katibi Yens Stoltenberqlə görüşü planlaşdırılır. Mətbuatda belə bir məlumatlar dolaşır ki, həmin görüşdə Ermənistan ABŞ və Avropa İttifaqı arasında Ermənistana təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında sənədin imzalanması nəzərdə tutulur. Bununla bağlı Ermənistan tərəfinin bu cür addım atması təbii ki, regionda və xüsusilə də Ermənistanda Rusiya təsirinin qarşısının alınması və müqavimət göstərilməsi məqsədini daşıyır. Eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulması və gələcəkdə həmin qurumdan çıxmaq perspektivləri ilə bağlı Avropa İttifaqının başlatmış olduğu tədbirlərdən biridir. Belə çıxır, bu cür tədbirin keçirilməsi və əgər bu məlumat həqiqətə uyğundursa, qeyd edilən sənədin imzalanması o deməkdir ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun artırılması niyyətindədir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, təbii ki, bu, hazırda bu regionda qurulan təhlükəsizlik və sülh konsepsiyasına tam ziddiyət təşkil edir. Çünki bugünkü gündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılmaqdadır. Buna baxmayaraq regiondan kənar oyunçular, qüvvələr, o cümlədən ABŞ və Avropa İttifaqı bu müqavilənin imzalanması və münasibətlərin normallaşması prosesinə bir zərbə vururlar. Eyni zamanda, bu regionda gərginliyin artırılmasına çalışırlar. Buna heç bir şübhə yoxdur.

Amma biz onu da unutmayaq ki, qeyd edilən tədbirlər, Ermənistan rəhbərliyinin bu cür addımları regionun bütün dövlətlərini qıcıqlandıra bilər. Bura təbii ki, həm Rusiya aiddir, həm də İran.  Unutmayaq ki, vaxtilə regionda kənar qüvvələrin gəlməsinə, mövcudluğuna qarşı çıxan İran da çox güman bununla bağlı hərəkətə keçəcək. Bu isə regionda həssas olan sabitliyin pozulmasına gətirib çıxara bilər. Düşünürəm ki, bununla bağlı Ermənistan müəyyən bir təhlillər aparmalıdır. Bir neçə dəfə düşünməlidir, sonra bu cür addımlara getməlidir. Çünki bu cür birtərəfli addımlarla və regiondan kənar qüvvələrlə belə görüşlərin keçirilməsi, sənədlərin imzalanması, eyni zamanda öz ərazisində qeyd edilən qüvvələrin, xüsusilə də Avropa İttifaqının və ABŞ-nin hərbi mövcudluğunun artırılması o deməkdir ki, Ermənistan regionda sülhün, sabitlik və əmin-amanlığın bərqərar olunmasında o qədər də maraqlı deyil. Bu cür tədbirlər və addımlar sabitliyə çox böyük zərbə ola bilər və vəziyyəti daha da gərginləşdirə bilər.

Cavid Əkbər, "İki sahil"