21 mart 2024 16:51
272

Qlobal Bakı Forumu artıq ənənəyə çevrilib

Paytaxtımız beynəlxalq forumların keçirildiyi nüfuzlu məkandır

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu başa çatıb.

Prezident İlham Əliyev martın 14-də Forumun açılış mərasimində iştirak edib. Üç gün davam edən tədbir çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb. Qarşıda duran çağırışların həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələləri, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə danışılıb.

Dövlətimizin başçısı çıxışında bildirib ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Ümumiyyətlə, Qərb dövlətləri Azərbaycanın tarixi Qələbələrinə qısqanclıqla yanaşır. Onlar ölkəmizin uğurlarına paxıllıq edir, bizə ikili standartlar mövqeyindən yanaşırlar. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Təbii ki, beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır. Bu, ikili standartların göstəricisidir.

Fransa ənənəvi olaraq həminki havasındadır. Ümumiyyətlə, bütün məsələlər bağlı xüsusən Cənubi Qafqaza aid olaraq öz dırnaqarası xisləti, mahiyyəti və xarakteri ilə hər şeyi pozmaqla məşğuldur. İnsan bəzən düşünür ki, haqqında danışdığımız bu dövlət 28 il müddətində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Ən dəhşətli fakt budur. Bu gün Fransa əslində işğalçı Ermənistana qardaşlıq da yox, böyük bacılıq edir. Haqqın və ədalətin qətiyyən yanında deyil. Hətta müharibənin bitməsinə və Azərbaycanın Qələbə qazanmasına rəğmən Fransa yenə də rahatlaşmır, Ermənistana silah tədarük edir. Həmçinin bəzən onların əvəzinə müharibə anonsu verir.

Makron üçün baxmayaraq ki, o Avropanın böyük beşliyinin üzvlərində birinin rəhbəridir, “Qoca qitə”nin ümumbəşəri dəyərləri oturub-durduğu Paşinyana verdiyi söz qədər ciddiyyət və əhəmiyyət daşımır. Bizim dövlətimiz üçün heç bir fərqi yoxdur ki, bu gün o qəsbkar, qatil, bütün terrorları, soyqırımları törədən işğalçı Ermənistanın yanında kim dayanırsa, dayansın, Azərbaycana bata bilməz. Silah, hərbi və diplomatik gücümüz var. Düzdür, Ermənistan bir də o cürəti edib bizim üzərimizə gələ bilməz. Çünki “Dəmir yumruq” onların başına elə bir şəkildə dəyib ki, onlar uzun illər özlərinə gələ bilməyəcək. Amma birdən elə bir ehtimal olsa, Azərbaycan bu gün hətta 2020-ci ildəki müharibə vəziyyətindən müqayisədə belə dəfələrlə daha güclüdür.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri