29 mart 2024 13:00
491

Azərbaycanlılara qarşı törədilən bəşəri cinayət

Zəngin tarixə və çox qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın müstəqil, qüdrətli bir dövlət kimi mövcud olması hər zaman müəyyən dairələri, xüsusilə də erməniləri naraht etmişdir. Odur ki, fürsət düşən kimi Azərbaycana qarşı təcavüzlər edilmiş, xalqımıza qarşı olmazın cinayətlər törədilmişdir. Tarixə nəzər saldıqda bu cür halların dəfələrlə təkrar olunduğunu aydın görmək mümkündür. Azərbaycan xalqı belə bir faciəvi tarixi 1918-ci ildə də yaşamışdır. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən, bir sözlə o dövrkü ictimai-siyasi vəziyyətdən məharətlə istifadə edən ermənilər və onları dəstəkləyən mənfur qüvvələr 1918-ci ildə xalqımıza qarşı irimiqyaslı bir soyqırımı törətmişlər. Bolşevik-daşnak birləşmələri Bakıda, eləcə də Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul, Kürdəmir, Qarabağ, Zəngəzur  və bir çox başqa yerlərində də soyqırımı davam etdirərək 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Bolşevik-daşnak birləşmələrinin törətmiş olduqları 1918-ci ilin mart soyqırımı həmin ilin sentyabr ayının ortalarınadək davam etmişdi.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını ilə başlayan və Azərbaycanın müxtəlif bölgələrini əhatə edən soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı xüsusilə fərqlənmişdir. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri ilə bərabər “Daşnaksutyun” partiyasının da 4 minlik silahlı dəstəsi iştirak etmişdir. 1918-ci ilin soyqırımı Şamaxı və Qubada xüsusi amansızlıqla törədilmiş, çoxlu sayda uşaq, qadın və qocalar qəddarlıqla qətlə yetirilmişdir. Qubada aşkarlanmış kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutdur.

Azərbaycanın tarixinə qanlı bir səhifə kimi yazılan bu faciəni uzun illər xalqımıza unutdurmağa çalışmışlar. Bu faciəvi hadisəyə yalnız Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına Prezidentliyi dövründə tarixi-siyasi qiymət verilmişdir. Ölkədə hər bir sahəyə, eyni zamanda  milli mənəvi dəyərlərimizə və tariximizə hər zaman həssaslıqla yanaşaraq böyük önəm verən Ulu Öndər Heydər Əliyev 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş bu hadisəyə də çox böyük həssaslıqla yanaşmışdır.

Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədi ilə Fərman imzalamış və bu Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırım Günü” elan edilmişdir. Ulu Öndər imzalamış olduğu bu Fərmanla xalqımıza qarşı törədilmiş 1918-ci il soyqırımına hərtərəfli və dolğun münasibət bildirərək siyasi qiymət vermiş, eyni zamanda bu soyqırımın xalqımızın yaddaşından silinməməsi üçün 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etməklə tarixi bir addım atmışdır.

Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələrini davam etdirən cənab Prezidentimiz İlham Əliyev də bu hadisəyə yüksək həssaslıqla yanaşmış və dəfələrlə xarici ölkələrdə səfərdə olarkən, eyni zamanda beynəlxalq təşkilatlarda çıxış edərkən 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş olan soyqırımı haqqında məlumat vermiş və Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Bütün bunlardan əlavə, 1918-ci il həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu ildə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də rəsmi açılmışı qeyd olunmuşdur.

Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır. Həmin Sərəncamdan irəli gələrək Azərbaycan Respublikasının Milli Məclisində azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi dinləmələr də keçirmişdir. Bir sözlə, dövlətimiz  1918-ci ildə törədilmiş soyqırımı da daxil olmaqla, digər tarixlərdə xalqımıza qarşı törədilmiş faciə və haqsızlıqları bütün dünya ictimaiyyətinə bəyan etməkdədir. Ümumiyyətlə, bu sahədə davamlı olaraq hərtərəfli işlər görülür. Qubada aşkarlanmış olan və    1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımının vəhşiliklərini bariz şəkildə sübut edən kütləvi insan məzarlığının hər zaman diqqət mərkəzində saxlanılması, xaricdən ölkəmizə gələn siyasət, mədəniyyət və incəsənət xadimlərinin, bir sözlə tanınmış şəxslərin Quba Soyqırımı Memorial Kompleksinə səfərlərinin təşkil olunaraq 1918-ci ildə xalqımıza qarşı törədilimiş cinayətlərin əyani formada göstərilməsi bu sahədə görülən işlərə bariz nümunədir.

1918-ci ildə xalqımıza qarşı ermənilər və onların havadarları tərəfindən törədilmiş olan soyqırımının bütün dünyaya bəyan edilərək tanıdılmasında dövlətimizlə yanaşı adi vətəndaşlarımız, ən əsas da gənclərimiz fəal olmalıdırlar. Belə ki, hər bir Azərbaycan gənci ölkəmizin tarixini mükəmməl öyrənməli və Azərbaycan həqiqətlərini yorulmadan dünyaya bəyan etməlidir. Necə ki, Ümummilli Liderimiz Heyədər Əliyev bu haqda  demişdir: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı