29 mart 2024 14:24
405

Uşaqlarda yaranan aqressiyanın səbəbləri nədir? - PSİXOLOQ AÇIQLADI

Günümüzdə qarşılaşdığımız və son zamanlar ən çox müraciət edilən məsələlərdən biri də uşaqlarda aqressiv davranışlardır. Doğrudur, bu məsələ hər zaman olub, lakin müşahidələrimiz də bir daha göstərir ki, son illərdə bu problemlərlə üzləşən valideynlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Bəs, bəzi uşaqlarda erkən yaşda yaranan aqressiyanın səbəbləri nədir?

Bu prosesə 3-6 və 12-16 yaş arası uşaqlarda daha çox rast gəlinir

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru  Təranə Paşayeva sözügedən mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında bildirdi ki, aqressiya insanın öz narazıçılığını kobud formada ifadə etmə şəklidir: “Adətən aqressiya özünü müxtəlif şəkillərdə büruzə verir ki, bunlar verbal, qeyri-verbal, jestlərlə, mimikalarla və səssiz qalma halı ilə özünü göstərə bilir. Hazırkı dövrdə aqressiv davranış forması və aqressiya halları uşaqlarda da geniş şəkildə yayılıb. Uşaqlarda aqressiya əsasən şəxsiyyətin formalaşdığı, ideal məni ilə real məni arasındakı mübarizə zamanı şiddətlənir: Bu prosesə 3-6 və 12-16 yaş arası uşaqlarda daha çox rast gəlinir. 3-6 yaş arasında uşaqların ilkin məni formalaşır. Aqressiv davranış və aqressiya halını yaradan ilkin səbəblər genetik faktor, ətraf mühit, tərbiyə üsulu, ailə mühiti ola bilər. 

Tərbiyə üsulu düzgün seçilmirsə artıq uşaqda aqressiv davranış formalaşmağa başlayır

Psixoloq əlavə etdi ki, ailə mühiti dediyimizdə ilk növbədə uşağın dünyaya gəldiyi ailə və o ailənin tərbiyə üsulu, uşağı böyütmə üsulu nəzərdə tutulur. Körpəlik dövründə əgər tərbiyə üsulu düzgün seçilmirsə artıq uşaqda aqressiv davranış formalaşmağa başlayır. Digər bir amil isə tərbiyə üsuludur. İstər ailə içərisində, istər bağçada, istərsə də məktəbdə tərbiyə üsulu düzgün seçilməlidir. Uşağa uyğun şəkildə, onun fərdi bacarığına uyğun şəkildə seçilməlidir. Əksi olduğu təqdirdə yenə də bu uşaqlarda aqressiv davranışa səbəb olur. Genetik faktor da öz növbəsində aqresiyyanı ötürən bir amildir. Əsasən nəsildən-nəsilə ötürülən xüsusiyyətlər var və bu xüsusiyyətlər birbaşa sinir sistemi vasitəsilə ötürülür. Əgər həmin irsin, genotipin sinir sistemində müəyyən mənada qıcıqlanmaya yüksək meyillilik, hərəkətlilik, yəni aqressiyaya meyillənmə halı varsa bu da təbii ki, uşağa ötürülmüş olur. Artıq həmin uşağın sinir sisteminin yüksək qıcıqlanma səviyyəsində olması ən cüzi hadisələrdən belə əsəbləşməsinə səbəb ola bilir. 

Yaqut Ağaşahqızı, “İki sahil”