29 mart 2024 23:56
310

Canını Vətənə fəda etdi

Həsən Turan oğlu Dəmirovu şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi olub. Və 26 yaşında şərəfli ölümü ilə əbədiyaşarlıq qazanıb. Müqəddəs amal uğrunda canını fəda etdiyinə görə Vətən öz qəhrəman oğlunu bir an belə unutmur, adı xalqın dilində iftixarla çəkilir. Onun bu qısa ömür yolu gələcək nəsillər üçün də örnək olacaqdır. Vətəninin müdafiəsi naminə qan töküb şəhidlik zirvəsinə ucalmaq ən böyük qürurdur. Məhz buna görə də şəhidlər daim qəlblərdə yaşayır, heç bir zaman ölmürlər.

Torpağı Vətən edən şəhid qanıdır. Həsən kimi mərd igidlərin müharibə meydanında göstərdiyi qəhrəmanlığın nəticəsidir ki, torpaq canlanır və Vətən yaşayır.

Vətən qarşısında xüsusi xidmətləri olan, 44 günlük haqq savaşımızda tarix yazan Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonu, Muğan kəndində dünyaya göz açıb. Orta məktəbini başa vuran Həsən yağı düşmənin Qarabağımızın ədalətsiz işğalını vicdanına sığışdıra bilməyib. Elə onu həvəslə ordu sıralarına aparan da düşməndən qisas almaq arzusu olub. Əsgərlik həyatına cəbhə bölgəsində başlayan Həsən layiqli bir övlad kimi Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Bütün təlimlərdə fəal olub, cəsurluğu, çevikliyi əsgər yoldaşlarına həmişə nümunə göstərilib. Həsən xidmət zamanı əsir düşən müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda hər an birbaşa səngərə, erməni dığaları ilə savaşa can atıb. Söz düşəndə bildirib ki, Vətən müqəddəsdir, onun yolunda ölüm belə şərəfdir. Vətən torpaqların bir qarışı da düşmən ayaqları altında qalmasın gərək. Mübarizliklə döyüş meydanında düşmənə qalib gəlmək üçün indidən Azərbaycan əsgəri hər şeyə hazır olmalıdır.

Həsən əsgərlikdən sonra qanında, canında el məhəbbətini gəzdirməklə həyatını davam edib. Xeyirxahlığı, mənəvi yetkinliyi çoxunun əlindən tutub. Düz amallı, təmiz əməlli oğul olaraq cəmiyyətdə sevilib. Ürəyi hər zaman Vətənlə döyünən Həsən nə olursa-olsun öz yerini cəbhə bölgəsində görüb. Odur ki, orduya qayıdıb və “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb. Bir aydan sonra arzusuna qovuşub. Sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə odlu-alovlu səngərdə yerini alıb. İgid döyüşçü Suqovuşan- Talış istiqamətində düşmənin illərlə qurduğu istehkamları yararaq onun həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verib. Yağıya qarşı əzmlə, rəşadətlə vuruşan Həsən yalnız qələbəyə doğru irəliləyib. Həmçinin qorxmazlığı, cəsarəti silahdaşlarını da haqq savaşımıza səsləyib. Düşmənin altı postunun alınmasında böyük hünər göstərib. Səhərə yaxın növbəti post uğrunda gedən ağır döyüşdə xain gülləsinə tuş gəlib. Ölümsüzlük tarixi yazmaqla, əbədi olaraq milyonların ürəyinə köç edib.

Vətən, torpaq uğrunda ən ali məqama-şəhidlik zirvəsinə ucalan Həsən Turan oğlu Dəmirov ölkə başçısı tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının, Suqovuşanın azadlığı uğrunda medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü