02 aprel 2024 23:57
334

Aprel döyüşləri şəhidinin anım günündə xatirəsi yad edilib

Biləsuvar rayonunun Səmədabad kəndində Aprel döyüşləri şəhidi Novruzov Fərahim Nadir oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət edilib.

“İki sahil” xəbər verir ki, mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideynlərinə baş sağlığı vermişlər. Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Novruzov Fərahim Nadir oğlu 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Səmədabad kənd tam orta məktəbində təhsil almış və 10 oktyabr 2014-cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmışdır.  2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 4 aprel 2016-cı ildə Səmədabad kənd qəbirstanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Novruzov Fərahim Nadir oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!