03 aprel 2024 00:10
426

Biz öz keçmişimizi yaxşı bilirik

Dövlət başçısı İlham Əliyev Azərbaycan dövlətinin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları əsasında bu çağırışı edir ki, hər zaman həqiqəti deyirik

Dövlət başçısı İlham Əliyevin 2022-ci ilin 24 dekabr tarixində, doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi təsadüfi deyildi. Bu görüş tarixi ədalətə söykənən növbəti hədəfimizin təqdimatı oldu- Biz Qərbi Azərbaycana qayıdacağıq.

Prezident İlham Əliyev ötən ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı fikirlərini açıqlayarkən bildirmişdir ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq: “Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”

Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, bunu dünya ictimaiyyəti də bilsin. Bunun üçün təbliğat işinin daha da gücləndirilməsi, həqiqətlərimizin əsaslı şəkildə, faktlarla beynəlxalq ictimaiyyətə çatdırılması əsas çağırışlar sırasındadır. Ümumilikdə informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Ermənilər və onlara havadarlıq edən dövlətlər həqiqətləri inkar etmək, tarixi saxtalaşdırmaq üçün müxtəlif yollara əl atsalar da son sözü təbii ki, faktlar deyir. Faktlar sübut edir ki, ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb və bununla azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Bunun mümkünsüzlüyünün fərqində olmasalar da tarixi Zəfərimiz bütün bu həqiqətləri həm Ermənistana, həm də havadarlarına çatdırdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tarix var, sənədlər var, xəritələr var.

Prezident İlham Əliyevin aforizmə çevrilən « Nəyi, necə və nə vaxt etmək lazımdır onu mən bilirəm» çağırışının əsas hədəfi olan tarixi Zəfərə nail olduq. Cənab İlham Əliyev «Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar» fikirlərinin davamı olaraq onu da bildirir ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq: «Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.» Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Ermənistandan zorla çıxarılan, dəfələrlə daşnakların etnik təmizləmə siyasətinə, deportasiyaya məruz qalan soydaşlarımızın üzləşdiyi vəhşiliklərdən ətraflı bəhs etmişdir. Bütün çıxışlarında soydaşlarımızın Qərbi Azərbaycandakı tarixi torpaqlarına qovuşacaqlarını, hüquqlarının bərpa olunacağını bildirən ölkə Prezidentinin bu vədinin də reallaşacağına tam əmin olan xalqımız artıq hökmən o günün gələcəyinə inanır. « Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq» söyləyən cənab İlham Əliyev hədəfə, məqsədə nail olmağın yollarını da göstərdi. Həllini gözləyən vəzifələr isə biri-birindən mühüm, vacibdir. İlk növbədə qədim yurd yerlərimizin tarixi, toponimləri, Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan abidələrimiz, dini ocaqlarımız haqqında beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Daşnakların əzəli yurd yerlərimizdə Azərbaycanın tarixi irsini silmələri ilə bağlı faktlar beynəlxalq təşkilatlara çatdırılmalıdır. Xarici ölkələrdəki diaspor təşkilatları məskunlaşdıqları ölkələrdə Qərbi Azərbaycan haqqında həqiqətləri təbliğ etməlidirlər. Sovet ideologiyası əsasında yazılan kitablar, dərsliklər yenilənməli, bir çox dillərə tərcümə edilməli, elektron variantları yayılmalıdır. Yəni, təbliğat işi gücləndirilməlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımızı qarış-qarış zəbt edən daşnakların «dənizdən-dənizə böyük Ermənistan » mənfur siyasətləri ifşa olunmalıdır.

Artıq bu istiqamətdə ilk addımlar atılır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Tarixi ədalətə, real həqiqətlərə söykənən təbliğatımız öz sözünü deyəcək.

Tarixi faktlar bu reallığı təsdiqləyir ki, İrəvan Ermənistana paytaxt kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında reallıqların təbliğində əhəmiyyətli rol oynadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ziyalılarla ilk görüşündə bu mühüm vəzifə qarşıya qoyulmuşdur-Tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısını almalı. «Tarix heç nəyi silmir» söyləyən Ulu Öndər araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi önə çəkmişdir. Dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.»

Prezident İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının keçdiyi bu zəngin yolu təhlil edərkən dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərək son üç ildə keçirilən görüşlərdə verilən «Siz bu Qələbəyə necə nail oldunuz» sualına cavabı olduqca qürurvericidir. Cənab İlham Əliyev bu suala cavab olaraq bildirir ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız: « Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.» Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq hər bir səhifəsini əziz bilərək dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birşləşdirdi. Hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Dünya azərbaycanlılarının bir araya gəlməsi, yumruq kimi birləşməsi, yaşadıqları ölkələrdə cərəyan edən proseslərə təsir imkanlarını artırmaq üçün ciddi səylər göstərildi. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu qurultay soydaşlarımızın birliyinin möhkəmləndirilməsinə böyük töhfə oldu. Hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı Azərbaycanın bu illər ərzində əldə etdiyi uğurların təhlili, həmçinin qarşıda dayanan hədəflərin təbliği baxımından əhəmiyyətli hadisəyə çevrildi. Tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa dünya azərbaycanlılarını bir araya gətirdi. Burada keçirilən Zəfər Qurultayının iştirakçıları postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsində üzərilərinə düşən vəzifələri müzakirə etdilər. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət yetirdi. Bildirdiv ki, Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar təşkil edilməlidir.

Tarixi ədalətə söykənən təbliğatımız ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara tutarlı cavabdır. Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətindən ruhdan düşməyərək daim həqiqətlərimizi faktların dili ilə dünya ictimaiyyətinə çatdırıb və bu gün informasiya mübarizəmiz davam edir. Qarabağ münaqişəsinin bu gün tarixin arxivinə atılmasında, şanlı Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapdı. Baxmayaraq ki, bu qətnamələr 27 il kağız üzərində saralaraq icrasını gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi. Artıq Azərbaycan ötən ilin sentyabr ayından suverenliyini tam bərpa edərək ölkəmiz yeni dövrə qədəm qoyub.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdış davamlıdır. Gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. «Biz öz keçmişimizi yaxşı bilirik» söyləyən dövlət başçısı İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, indi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın: «O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin.»

Yeganə Əliyeva, «İki sahil»