05 aprel 2024 02:57
414

Azərbaycan minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız bu gözəgörünməz ölüm saçan silahın qurbanı olub, onlardan 65-i dünyasını dəyişib, 285-i ağır yaralanıb

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə on minlərlə minanın zərərsizləşdirilməsinə baxmayaraq, mülki şəxslər arasında minaya düşənlərin sayı günü-gündən artır. Belə ki, 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib. 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb. Eyni gündə Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində ANAMA əməkdaşı minaya düşüb. Ağdam rayon prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Ermənistanın məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir.

Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilmişdir. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır. Həmçinin bildirək ki, minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.

Xatırladaq ki, hələ bir neçə ay öncə Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etmişdi. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edildi. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Məlumdur ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib. Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi olarıq. 

Azərbaycan dövləti vətəndaşlarının minadan daha çox zərər çəkməməsi üçün azad olunmuş ərazilərə səfərləri məhdudiyyətlərlə həyata keçirir. Bəzən bu qərar birmənalı qəbul olunmur. Amma təkcə 2020-ci ilin 10 noyabrından sonra yaranmış “yeni təmas xətti” boyunca basdırılan minaların sayı dövlətimizin tamamilə doğru qərar verdiyini təsdiqləyir. Təsəvvür edin fəlakətin miqyasını: 480 km-ə qədər təmas xətti boyunca, 2 km dərinliyə qədər mina sahəsi! Bu ərazilərin təmizlənməsi üçün nə qədər vaxt, əziyyət, maliyyə lazımdır. Lakin əfsuslar olsun ki, beynəlxalq səviyyədə bu məsələ ilə bağlı Ermənistana hər hansı təsir və ya təzyiq yoxdur. Dünyanın aparıcı dövlətlərinin Ermənistanın mina terroruna seyrçi qalması, dəqiq mina xəritələrini Azərbaycana təhvil vermədiyi üçün İrəvana təsir etməməsi ikili standartların daha bir nümunəsidir. Hazırda beynəlxalq hüquq ədalət prinsipinə əsaslanmır. Hüququn özü var, beynəlxalq prinsiplərə əsaslanır, amma tətbiqində ədalət yoxdur. Azərbaycana qarşı qərarlar qəbul edən Avropa Parlamenti, AŞPA kimi beynəlxalq təşkilatlar, Avropa paytaxtlarının ayrı-ayrı qurumları faktlar qarşısında kor, kar qalmağı üstün tuturlar. 

Sevinc Azadi, “İki sahil”