07 aprel 2024 15:02
316

Fransanın bitib-tükənməyən iftiraları

Fransanın Prezidenti Emmanuel Makron və onun  komandası İkinci Qarabağ savaşından sonra Azərbaycana qarşı sistemli təbliğatını davam etdirir. Son günlərdə bu təbliğat daha da intensivləşib. Bir neçə gün öncə, daha doğrusu, aprelin 2-də Parisdə Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə bigə keçirilmiş mətbuat konfransında Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edib. Yeri gəlmişkən qeyd edək ki, aprelin 3-də Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bu iddiaların yalan, həm də əsassız olduğunu tutarlı faktlarla onun diqqətinə çatdırıb. Dövlətimizin başçısı Fransa tərəfindən anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, eləcə də sözügedən ölkənin Ermənistanın silahlandırılması siyasətinin regionda təxribatlara gətirib çıxaracağını da vurğulayıb. Fransanın İrəvandakı səfiri Olivye Dekottiniyə istinadən bildirək ki, Fransa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  üzvü olan Ermənistana silah tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir.

Stefan Sejurnenin sayıqlamarı azmış kimi Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Ann-Lorens Petel “Armenpress”ə müsahibəsində utanıb-qızarmadan Ermənistan ərazilərinin Azərbaycan tərəfindən işğalından söz açmaqla yanaşı, Silahlı Qüvvələrimizi təcavüzkar ölkənin ərazisindən çıxmağa çağırıb.  Amma hansı ərazilərdən söhbət getdiyini açıqlamayan Petel  Azərbaycana qarşı sanksiya çağırışlarının da davam edəcəyini bildirib.

Şübhəsiz, Stefan Sejurne və Petel bu yalanları ilə  Ermənistanın törətdiyi təxribatları ört-basdır etməyə, onun məzlum obrazını yaratmağa, Azərbaycanın adını təcavüzkar kimi qələmə verməyə çalışıblar. Halbuki,  Azərbaycanın belə bir niyyəti yoxdur. Amma Azərbaycandan fərli olaraq Cənubi Qafqazda yaranmış sabitliyin üstündən birdəfəlik xətt çəkmək üçün hər oyundan çıxan, Afrikadakı müstəmləkələrindən qovulan Fransa regionu savaş meydanına çevirmək məqsədilə bütün iyrənc vasitələrə əl atır. Yəni, özünü dost kimi göstərdiyi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına əngəllər törətməyə, aranı qızışdırmağa, bölgədə açıq-aşkar gərginlik yaratmağa cəhd göstərir. Məqsəd həm Azərbaycanı hücum edən tərəf kimi göstərmək, həm də Ermənistanın “təhlükəsizliyinin qorunması” adı altında Qərb qüvvələrinin bölgəyə müdaxiləsini əsaslandırmaqdır.

Son 30 ildə  Fransanın Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydındır. Şübhəsiz, Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər dövlət  kimi təqdim edilməsi bu ölkənin həm  keçmiş ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi vasitəçiliyi dövründə, həm 44 günlük Vətən müharibəsindən, həm də Qarabağ iqtisadi rayonunda 23 saatlıq lokal antiteror əməliyyatından sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Bu mənada Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi addımların da heç bir səmərə verməyəcəyi gün kimi aydındır. Şübhəsiz, Fransanın Azərbaycana qarşı mövqeyi düşmənçilik olmaqla yanaşı, həm də beynəlxalq normalara tamamilə ziddir.

Heç şübhə yoxdur ki, Fransanın da  aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından gözləntiləri vardı. Amma bu da Prezident İlham Əliyevin siyasi gedişləri sayəsində fiaskoya uğradı. Bu fakt bir daha sübut etdi ki, Qərb, o cümlədən Fransa dövlətimizin başçısının  yürütdüyü qətiyyətli və milli maraqlara söykənən prinsipial siyasətlə hesablaşmağa məhkumdur.

Təəssüf ki, ermənipərəst mövqeyindən əl çəkməyən, Ermənistanı Rusiyadan qoparıb ikinci Ukraynaya çevirmək istəyən Makron hələ də anlamır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zədələnmiş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Yeri gəlmişkən qeyd edək ki, rəsmi Paris Azərbaycana qarşı qarayaxma kampaniyasında mərkəzi ofisi Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatından da məharətlə istifadə edir. “Sərhədsiz Reportyorlar” təşkilatının “qrant qaçaqmalçılığı” üzrə təhqiqata cəlb edilmiş “Toplum TV” mövzusuna yenidən müraciət etməsi bunu bir daha təsdiq edir. Bu təşkilat beynəlxalq ictimai rəydə belə bir fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycanda jurnalistlər “heç bir səbəb olmadan” təqibə məruz qalırlar. Halbuki, “Toplum TV”nin əməkdaşları xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiklərinə görə məsuliyyətə cəlb olunublar. Bu barədə hüquq-mühafizə orqanları kifayət qədər faktlar ortaya qoyublar. “Sərhədsiz Reportyorlar” təşkilatının bütün bunlardan xəbərsiz olması isə mümkün deyil. Bu mənada demək olar ki, sözügedən qurumun hadisələrə münasibəti Makronun və onun komandasının cəfəng iddiaları ilə eynilik təşkil edir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”