08 aprel 2024 00:10
688

Peter Stano niyə sayıqlayır? - ŞƏRH

Avropa İttifaqının (Aİ), daha doğrusu, ölkəmizə qarşı iftiralar tirajlayan bu qurumun Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi  Jozep Borrellin sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində təxribatçı fikirlər səsləndirib.  Belə ki, o, mənsub olduğu qurumun beynəlxalq hüquqa əhəmiyyət verdiyini vurğulamaqla yanaşı, etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılmasındən də söz açıb. Halbuki, aprelin 5-də keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından sonra verilən açıqlamalarda  təcavüzkar ölkəyə ayırılan maliyyə yardımından Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi, layiqli həyat şəraitini təmin etmək  üçün sərf olunacağı da bildirilib. Hətta bu barədə Ermənistan mətbuatı da yazıb. Bəs Peter Stano niyə sayıqlayır?

Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi?

Bu açıqlamalarla bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, sadə sual meydana çıxır: “Görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?” Halbuki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir. 

Aİ maraqları naminə regionda vəziyyəti gərginləşdirməyə çalışır

Digər tərəfdən onu da vurğulayaq ki, erməniəsilli şəxslər öz xoşları ilə Qarabağ bölgəsini tərk ediblər. Bunu təsdiq edən kifayət qədər faktlar da var. Amma soydaşlarımız  Ermənistandan işgəncə, zorla qovulublar. Bunu da təsdiq edən kifayət qədər tutarlı faktlar var. Aİ isə bu məsələdə müqayisə aparmaq belə istəmir. Şübhəsiz, bu, Aİ-nin belə məsələlərə ikili standartlardan yanaşmaq xəstəliyindən, başqa sözlə desək, ermənipərəstliyindən irəli gəlir. Belə olan təqdirdə görəsən Peter Stano  hansı beynəlxalq hüquqdan danışır? Görəsən, hansı beynəlxaq hüquqda təcavüzkarı dəstəkləmək, ona can yandırmaq əksini tapıb? Axı nə vaxta qədər peter stanolar beynəlxalq hüququ bu şəkildə hallandıracaqlar? Bütün bunlar isə o deməkdir ki, Aİ maraqları naminə regionda vəziyyəti gərginləşdirməyə çalışmaqda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd etməkdə davam edir.

Peter Stano bu açıqlaması ilə ermənidən betər erməni olduğunu, daha dəqiq desək, reallıqları nəzərə almadan ifrat dərəcədə ermənipərəstliyini açıq-aşkar şəkildə bir daha ortaya qoyub. Belə çıxır ki, heç bir fakta istinad etmədən, ağıllarına gələni danışmaq avropalı diplomatlar, o cümlədən Peter Stano üçün adi haldır.  Qeyd edək ki, Peter Stanonun  bu formada çərənləməsi, hayları müdafiə etməsi ilk  dəfə deyil. Yəni, o bu “ixtisas” üzrə artıq “usta”laşıb. Şübhəsiz, bu məsələdə onun belə “püxtələşməsi” ermənilərlə tez-tez görüşlər keçirməsi də önəmli rol oynayıb.

Amma bu bir həqiqətdir ki, Peter Stano kimilərinin nə demələrindən asılı olmayaraq rəsmi Bakı haqq yolundan heç zaman dönməyəcək. Fikrimizcə, bu məqamda “Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik” deyən  Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirmişdir ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, o vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Şübhəsiz, bu da onlardan biridir.

Qvami Məhəbbətoğlu, “İki sahil”