08 aprel 2024 12:20
464

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq

Aprelin 4-də Prezident İlham Əliyev və Konqo Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış edərək ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin vacibliyini vurğulayıblar.

İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq. Konqo ilə Azərbaycan bundan sonra da beynəlxalq təşkilatlar, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətini davam etdirəcək. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bu təsisatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamının marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var.

Vaxtilə Sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil alıblar. Bu ölkələrin dövlət başçıları hazırda sözügedən ənənəni bərpa etmək istəyir və bununla bağlı müvafiq göstərişlər verilib. Məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Bu ölkələr arasındakı əlaqələrdə yeni səhifə açılır. Dövlət başçıları öz siyasi iradələrini ortaya qoyublar və əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacaqlar.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” çox önəmli və sanballı bir sənəddir. Bu sənəd əməkdaşlıq perspektivlərini müəyyən edəcək.

Konqo ilə Azərbaycan arasında əməkdaşlıq son dövrlərdə çox güclənib. Bunun əsas səbəblərindən biri Konqonun Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanın haqq işinə dəstək göstərməsidir. Bununla yanaşı, iki ölkəni maraqlandıran iqtisadi məsələlər də bu yaxınlaşmanı şərtləndirir.

Bunlardan biri Konqonun Milli Neft Şirkəti ilə SOCAR arasında əməkdaşlığın qurulmasıdır. Bu məqsədlə imzalanmış müqavilədə əsas məsələ Konqonun neft emalı zavodlarının təkmilləşdirilməsi və genişləndirilməsi işlərinin aparılmasıdır. Azərbaycan artıq 2 əsrə yaxındır ki, neft sahəsində əsaslı təcrübəyə malikdir. Konqo Azərbaycanın bu təcrübəsindən geniş şəkildə yararlanmaq istəyir. Digər tərəfdən, bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə görə, dünya ictimaiyyətinin ölkəmizə marağı daha da artıb. Konqo da bu çərçivədə Azərbaycanın ətraf mühitin mühafizəsi ilə bağlı təcrübəsini öyrənmək marağındadır. Bununla bağlı olaraq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Konqo Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu imzalanıb.

Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bu, kənd təsərrüfatı məhsullarının təminatı baxımından da əhəmiyyət kəsb edir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Gələcək aylar ərzində iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar. Azərbaycan artıq bərpa olunan enerji sahəsi üzrə böyük layihələr icra edir. Belə layihələrin Azərbaycan təcrübəsi əsasında Konqoda həyata keçirilməsi onun satışından gələn gəlirlərin ümummilli gəlirlərin formalaşmasına olan təsirini artırır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri