08 aprel 2024 12:36
320

Dünya dövlətləri Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetirən ölkəmiz daim yeni dostlar, tərəfdaşlar qazanır. Bunu şərtləndirən əsas amil Azərbaycanın münasibətlərdə etimad mühitini qorumasıdır. Bu reallıq beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Bunun nəticəsidir ki, dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizdə ilk  rəsmi səfərdə oldu. 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu.  Bu səfərdən sonra Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaranacaqdır.

Azərbaycan və Konqo Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında əlaqələrin hazırkı inkişaf səviyyəsi, müasir dövrün çağırışları və hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi xüsusi qeyd edildi. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə, kənd təsərrüfatı, Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan olub.

İki ölkə arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin gözəl təməlidir. Bu sənəd, eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Mühüm əməkdaşlıq istiqaməti olaraq ölkələrimizin siyasi əlaqələri bundan sonra uğurla inkişaf edəcək. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev səfəri tarixi səfər adlandıraraq Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş ölkəmizin Konqonun dəstəyini hər zaman hiss etdiyini vurğuladı. Konqo hər zaman Azərbaycanın təşəbbüslərinə öz dəstəyini vermişdir və bunun nəticəsində ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Hazırda Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzv ölkələrin hər birinin marağındadır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal miqyaslı təşəbbüslərin nəticəsidir.

Cənab İlham Əliyev onu da qeyd etdi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə  prioritetlərimizin sırasında  neokolonializmə qarşı mübarizə məsələləri xüsusi yer tutmuşdur. Bu gün də bu, belədir. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradıldı.  Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və  nəticələr göz qabağındadır.

Azərbaycan və Konqo Prezidentləri, həmçinin iqtisadi və humanitar sahədə mövcud potensialdan bəhs edərək əlaqələrin  gələcək inkişafı üçün  atılacaq addımların xronologiyasını təqdim etdilər. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Səfər çərçivəsində  müzakirə aparıldı, müvafiq göstərişlər verildi və  gələcək aylar ərzində  nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar. Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan-Konqo münasibəətlərinin yol xəritəsidir. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, səfər gələcək əməkdaşlığımıza çox müsbət təsir göstərəcək. Siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. COP29-la bağlı birgə işləməyə hazırıq.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri nəticəsində ölkələrimiz arasında yeni səhifə açılır. Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Sürətlə inkişaf edən ölkəmizin əməkdaşlığı, dostluq əlaqələri gələcəkdə Azərbaycan – Konqonun tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri