08 aprel 2024 12:44
306

Akademik Zərifə xanım Əliyeva təkcə dünya səviyyəli oftalmoloq kimi deyil, həm də insanpərvərliyi ilə sevilirdi

Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 101, əbədiyyətə qovuşmasının 39-cu ildönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.

Bəli, akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında çox dəyərli fikirlər bildirmişlər.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Bu müdrik xanım həm də icitmai fəaliyyətlə məşğul olmuşdur. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. İctimai sferadakı fəallığının daha bir nümunəsi kimi Zərifə Əliyeva ötən əsrin 70-ci illərində respublikamızda qadın hərəkatının liderlərindən biri kimi diqqət çəkmişdir. Zərifə Əliyeva ictimai sferadakı uğurlarına respublikanın birinci şəxsinin həyat yoldaşı olduğuna görə nail olmamışdı. O, yüksək statuslara özünün elmi fəaliyyəti, zəngin mənəviyyatı ilə sahib olmuşdu. Alimlərin, yaradıcı insanların dostu olmaqla yanaşı, Zərifə Əliyeva öz xeyirxah əməlləri ilə həm də sıravi vətəndaşların himayədarı idi və bu gerçəklik heç vaxt diqqətdən qaçmayıb.

 Zərifə xanım Əliyeva bir sədaqətli və müdrik bir həyat yoldaşı kimi müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin ən böyük ilham mənbəyi olmasıdır. 1969-cu ildə Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi bu xanımın da həyatında yeni mərhələnin başlanması demək idi. Əlbəttə, ölkə rəhbərinin xanımı olmaq mühüm sosial status, eyni zamanda böyük məsuliyyət idi. Bu baxımdan böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı kimi Zərifə xanım bu məsuliyyətin də öhdəsindən layiqincə gəlmişdir.

Ulu öndər Heydər ömür-gün yoldaşı xanım haqqında belə demişdir: «Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.»

Bu,  Zərifə xanımın həyat və yaradıcılığına verilən ən böyük qiymətdir. Eyni zamanda, müdrik və sədaqətli azərbaycanlı xanımın nümunə göstəriləcək milli –mənəvi dəyərləridir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri