08 aprel 2024 13:29
301

Tarixi səfər

İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edib. Cari ilin 4 aprel tarixində baş tutan səfər çərçivəsində Prezident cənab İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. Prezident cənab İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Prezident cənab İlham Əliyev Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib.

Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək.

Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.

Vüsalə Mehdiyeva,
Bakı şəhəri, Xətai rayonu, 265 nömrəli məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü