08 aprel 2024 11:43
282

İki ölkənin əlaqələri yüksək səviyyədədir

Konqo ilə Azərbaycan arasında daha güclü dostluq əlaqələri yaradılacaq

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycanda rəsmi səfərdə olub. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bu səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir.

Prezident cənab İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır.

Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyllərinə qarşı mübarizə aparmaqdır. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.

Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.

Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir.

Şəhla Muradova
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon ərazi partiya təşkilatının üzvü