09 aprel 2024 01:15
333

Nikol Paşinyan Ermənistanı siyasi məhbus zindanına çevirib

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası özlərini “demokratik hakimiyyət” kimi təbliğ etsələr də, son vaxtlarda bu ölkədə insan hüquq və azadlıqlarının pozulması hallarını, mülki əhaliyə qarşı qəddar münasibəti, 2022-ci ilin aprel-iyul ayları ərzində polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə hallarını, jurnalistlərə açılan cinayət işləri ilə bağlı məsələləri ört-basdır edə bilməyib. Artıq ekspertlər də qeyd edirlər ki, ölkədə indiyədək kimi bu qədər siyasi məhbus olmayıb. Bu gün saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. 

Aprelin 8-də İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısında siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyasının keçirilməsi bunun əyani təsdiqidir. Aksiya iştirakçıları N. Paşinyan hakimiyyətindən ölkədəki siyasi məhbusların azad olunmasını tələb edirlər. Onlar, həmçinin İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç- Buriçdən Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr keçirməyi tələb etmək niyyətindədirlər. Etirazçılar Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, siyasətçi Narek Malyanı, Vanadzorun keçmiş meri Mamikon Aslanyanı, “İmnemnin” podkastının aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyanı və digərlərini “siyasi məhbus” hesab edirlər.

Məlum olduğu kimi, İrəvanda keçirilən aksiya Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin Ermənistana gəlişi ilə əlaqədar olub. Yerli mətbuatın hazırladığı videomateriallardan açıq-aşkar görünür ki, Mariya Peyçinoviç-Buriç Ermənistan Xarici İşlər Nazirliyinə gəlib, lakin polis etirazçıların Avropa nümayəndə heyətinə yaxınlaşmasına imkan verməyib. Etirazçılar “Azadlıq” sözünü səsləndirən zaman AŞ-nin Baş katibi sürətlə binaya daxil olub. Görəsən, xanım Mariya Peyçinoviç-Buriç o boyda etirazçıları görməyib, ya görmək istəməyib? Maraqlıdır…

Bütün bunların fonunda bir daha faktlara diqqət edək. Hamımız yaxşı bilirik ki, bir müddət əvvəl Vahid Ermənistan Partiyasının sədr müavini, siyasi məhbus Mger Yegizaryan Paşinyan hökumətinə etiraz əlaməti olaraq 54 gün aclıq aksiyası keçirəndən sonra həbsxanada ölüb. 2023-cü ilin fevralın 28-də siyasi məhbus Narek Malyan Paşinyanı tənqid etdiyi üçün qanunsuz həbs edilib, müxalif görüşlərinə görə Vanadzorun meri Mamikon Aslanyan və Respublika Partiyasının sədr müavini Armen Aşotyan məhkəmənin qərarı olmadan 3 ildən çox həbsxanada saxlanılıb. Tanınmış həkim, dissident və siyasi məhbus məhkəmə zalında ölüb. 2024-cü il martın 22-də isə Paşinyanın repressiv rejiminə qarşı çıxış etdiyinə görə tanınmış bloqger Narek Samsonyan və Vazgen Saqatelyan həbs edilib. Yeri gəlmişkən Ermənistanda professor Arman Carçyan, Avetik Çalabyan, Narek Malyan, Hrant Baqratyan, Qarnik İsaqulyan, Tatevik Virabyan, Avetik İşxanyan da siyasi baxış, fikir və mövqelərinə təqib olunanlar siyahısına daxil ediliblər. 

Məsələ burasındadır ki, bütün bunlara baxmayaraq nədənsə Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu kimi faktları görməzdən gələrək əsl simalarını bir daha ortaya qoyublar. Ən acınacaqlısı isə odur ki, ölkəmizdəki radikal müxalifət təmsilçiləri anti-Azərbaycan dairələrdən aldıqları qrantların və sifarişlərin müqabilində həmin maraqlı xarici qüvvələrlə işbirliyinə girərək ölkəmizə qarşı şər, böhtan, yalan üzərində qurulmuş çirkin kampaniya apararaq az qala Ermənistanı regionda “demokratiyanın qalası” kimi təqdim edirlər. Əslində isə bu ölkədəki real vəziyyət tamamilə başqadır. Gerçəklik budur ki, siyasi rəqiblərinə qarşı təzyiq və repressiyaları gündən-günə artıran N.Paşinyan və onun komandası son illərdə polis rejimi ilə idarə olunan Ermənistanı “demokratiyanın qalası”na deyil, sözün əsl mənasında siyasi məhbusların həbsxanasına çeviriblər.

Əsl reallıq budur. Bütün bunları bəzi Qərb ölkələri, özlərini “demokratiya keşikçiləri” kimi göstərən ayrı-ayrı beynəlxalq təşkilatlar, eləcə də ölkəmizdə anti-Azərbaycan dairələrin maşası rolunu oynayan, gecə-gündüz Ermənistanda demokratiyanın çiçəklənməsindən dəm vuran radikal müxalifətin xəyanətkar “başbilənləri” kor olmuş gözlərini açıb görsələr daha yaxşı olar.

Zahid Rza, “İki sahil”