12 aprel 2024 19:04
412

Növbəti qələbəmiz: Ermənistan Azərbaycanla şərti sərhədi pozduğunu etiraf etdi

Təxribatların məhz Fransanın təhriki ilə olması ciddi suallar yaradır

Son vaxtlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını intensivləşdirib. Aprelin 10-da, saat 15:20 radələrində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hadisə baş verən gün Azərbaycan hadisəni Ermənistan hərbçilərinin törətdiyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdı. Bu pozuntuya görə məsuliyyəti rəsmi İrəvanın daşıdığı bildirilmişdi. Nəhayət Aprelin 12-də  Ermənistanın İstintaq Komitəsiaçıqlama yayaraq atəşi öz sərhədçilərinin açdığını və fakt üzrə cinayət işinin başladıldığına dair rəsmi məlumat yayıb. Bu hadisə Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması ilə bağlı Azərbaycanın narahatlığını bir daha təsdiqləyir. Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işi açılıb. Bu, ölkəmizin növbəti qələbəsidir. Azərbaycan başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan araşdırsın və nəticəsini bəyan etsin.

Qeyd edək ki, sərhəddəki erməni təxribatları ilk deyil. Hələ Ermənistan ordusu fevralın 12-də Zəngilan istiqamətində növbəti təxribata əl atmışdı. Bu təxribat nəticəsində sərhədçimizin snayper atəşi ilə yaralanması faktını Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrlar məsələnin bütün aspektlərini açıq göstərdi.

Xain düşmən bununla da çirkin təxribatına son qoymadı və cəmi bir neçə saat sonra şərti sərhədin Tovuz istiqamətindən növbəti təxribata əl atdı. Eyni gündə saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutdu. Əlbəttə ki, baş verən hadisələrdən sonra düşmən layiqli cavabla susduruldu. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirildi. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postu darmadağın edildi, döyüş mövqeləri susdurdu.

Törətdiyi bütün təxribatlara layiqli cavabını alsa da, Ermənistanın bu kimi desturiktiv addımları regionda sülhün bərpası istiqamətindəki təşəbbüslərə ziyan vurur. Erməni tərəfinintəxribatları Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Son 6 ay ərzində sərhəddə iki dəfə insident baş verib. Sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatların məhz Fransanın təhriki ilə olması ciddi suallar yaradır.

Bu təxribatlar Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir.Görünən odur ki, Ermənistan yenə də hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Lakin Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər.

Sözügedən təxribatlar isə bir daha sübut edir ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamaqda maraqlı deyil. Görünür Müzəffər Ali Baş Komandanın "dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük Vətən müharibəsində Zəfər çalan güclü Azərbaycan Ordusu var.

Göründüyü kimi, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Ötən illərdə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi işğalçının bu niyyətlərini gözündə qoydu. Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. Bu gün rəsmi Bakı delimitasiya və demarkasiya prosesi ilə bağlı daha ədalətli addımlar atır. Azərbaycanın bu məsələdə qətiyyətli  mövqeyi bəllidir. Ölkəmiz 30 il ərzində işğal altında qalan ərazilərində törədilən vandalizm əməllərinə, dağıntılara baxmayaraq, sülh yolu ilə müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir.

Nigar Orucova, “İki sahil”