14 aprel 2024 15:15
481

Azərbaycan regionda sabitləşdirici faktordur - AÇIQLAMA/EKSKLÜZİV

Bu gün dünya ictimaiyyəti çox ağır hadisələr yaşayır. Dünyanın bir çox hissələrində, qitələrində qarşıdurmalar baş verir, müharibələr aparılır, terror aktları törədilir. Bu yöndə Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması, eyni zamanda, bir çox Afrika dövlətlərində baş verən hadisələr, həmçinin dünyanın bəzi dövlətlərində törədilmiş terror aktları ölkələrin təhlükəsizliyinin daha yaxşı təmin edilməsi və sərhədlərin qorunması məsələsini önə çəkir. Bu baxımdan təbii ki, bütün bu hadisələr, xüsusilə də Azərbaycanın qonşuluğunda olan dövlətlər arasında qarşıdurmalar bir daha təsdiq edir ki, ölkəmizin təhlükəsizliyinə və müdafiə potensialının gücləndirilməsi çox böyük önəm kəsb edir. Bunların fonunda 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini, konstitusiya quruluşunu tam təm təmin etmiş Azərbaycan bu gün Cənubi Qafqaz regionunda təhlükəsizliyin qarantı kimi çıxış etməkdədir. Eyni zamanda, regionda sabit, dayanıqlı inkişaf, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı rol oyanamaqdadır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki, Qarabağ məsələsinin həlli Azərbaycanın, o cümlədən regionun təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Həmçinin, vurğulamaq lazımdır ki, son hadisələr fonunda Prezident İlham Əliyev bir çox çıxışlarında Üçünücü Dünya müharibəsinin artıq başlanması barədə bildirmişdir. Bununla bağlı Azərbaycanın da ayıq-sayıq olması, eyni zamanda xaricdən ölkəmizə qarşı olan təsirlərin minimallaşdırılması və qarşısının alınması istiqamətində də tapşırıqlar vermişdir. Dövlət başçımızın təşəbbüsü və rəhbərliyi ilə xarici dairələrdən olan təsirlərin qarşısının alınması istiqamətində bir çox işlər görülmüşdür. Eyni zamanda, unutmayaq ki, Azərbaycanın təhlükəsizliyi bu gün də demək olar ki, təhdid altındadır. Çünki artıq Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqaz regionu bu gün böyük güclərin qarşıdurma meydanına çevrilməsi istiqamətində bəzi dövlətlər və dairələr öz çirkin planlarını həyata keçirməkdədir. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu çirkin niyyətləri dəf edir,  təsirlərin hamısının qarşısını ala bilir.

Kamran Bayramov bildirdi ki, təbii ki, bu məsələdə regionumuzun digər dövləti olan Ermənistanın alət kimi istifadə olunması göz qabağındadır. Bu gün Ermənistanda yerləşdirilən Avropa İttifaqının missiyası və onun statusunun artırılması, sayının genişləndirilməsi, eyni zamanda Avropa İttifaqı-ABŞ-Ermənistan üçtərəfli görüşü bundan xəbər verir ki, Azərbaycan hər zaman ayıq-sayıq olmalıdır. Bütün bu təsirlərə qarşı öz dayanıqlığını və davamlılığını nümayiş etdirməlidir. Eyni zamanda, bütün regionda baş verən hadisələrə dair Azərbaycan öz qəti mövqeyini bildirib. Təbii ki, Azərbaycanın təhlükəsizliyinə qarşı yönələn hər bir tədbir və təsir qətiyyətlə alınacaq. Vətən müharibəsi və lokal antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan regiondan kənar olan təsirlərin və təhdidlərin qarşısının alınması üçün istənilən resursa və imkana malikdir.

Cavid Əkbərov, “İki sahil”