15 aprel 2024 16:30
561

Hansı hallarda uşaq ANAYA VERİLƏ BİLMƏZ?

Son zamanlar  demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Düzgün olmayan təbliğat, sosial şəbəkələrin təsiri ilə vaxtilə ən qəbuledilməz və xoşagəlməz hal kimi qarşılanan boşanmalar indi adi hala çevrilməkdədir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır.

Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan görür. Tərəflər arasında anlaşılmazlıq pik həddə çatıbsa, boşanma qaçılmazdr. Ancaq uşaq varsa, bu halda valideynlər çox diqqətli olmalıdırlar. Təəssüf ki, bizim valideynlərimiz ayrılan zaman ər-arvad olaraq boşanmırlar, həm də ana-ata olaraq ayrılırlar. Belə vəziyyətdə isə ən böyük ziyanı övladlar çəkir. 

Məsələnin hüquqi tərəfinə nəzər saldıqda isə müəyyən suallar yaranır: Boşanma zamanı  uşaqlar kimin yanında qalmalıdır - qanunlar nə deyir? Hansı hallarda uşaq anaya verilə bilməz? Uşağı vaxtı-vaxtında valideynə göstərməməyə görə hansı məsuliyyətə cəlb oluna bilərlər?

10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü  Könül İbrahimova  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, məhkəmə təcrübəsi göstərir ki, uşaqlar az yaşlıdırsa daha çox ana qayğısına nəvazişinə ehtiyac duyduqları üçün daha çox ana ilə qalır. Boşanma zamanı uşağın hansı valideyinin yanında qalması məsəsləsi həll olunarkən burda 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır, 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər, uşağın valideynlərdən hansına daha çox bağlı olduğu bu kimi bir çox meyarlar nəzərə alınır.

Uşaqla yaşayan valideyn uşağın digər valideyinlə ünsiyyətinə maneə olmamalıdır

Həmsöhbətimiz vurğuladı ki, ana hər hansı psixi xəstəlikdən əziyyət çəkirsə, xroniki narkomaniya və alkol xəstəliyindən əziyyət çəkirsə, öz valideyinlik vəzifələrini yerinə yertirmirsə,valideynlik hüquqlarından sui-istifadə edirsə bu kimi hallarda uşaq atanın himayəsinə verilə bilər.

Könül İbrahimovanın sözlərinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlrin həll edilməsində iştirak etmək hüquna malikdirlər. Uşaqla yaşayan valideyn uşağın digər valideyinlə ünsiyyətinə maneə olmamalıdır. Uşaqlarla ünsiyyət vaxtı ilk öncə tərəflərin razılığı ilə müəyyən olunur belə razılıq olmadıqda isə görüş vaxtı məhkəmə ilə müəyyən olunur. Məhkəmə qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür.

Yaqut Ağaşahqızı, “İki sahil”