15 aprel 2024 19:57
411

Vətəndaşlarımız dövlətə arxadan zərbə vurmaq istəyən radikallara öz yerini göstərəcək - SİYASİ EKSPERT

Azərbaycanın hazırki mərhələsində radikallığa ümumiyyətlə yer olmamalıdır və kimsə siyasi mövqeyindən asılı olmayaraq radikallığa çağırışlar edirsə, bu, Azərbaycan dövlətinə arxadan zərbə vurmaqdan başqa bir şey deyil. Əlbəttə, biz demirik ki, siyasi hüquqlar, siyasi fəaliyyətlə bağlı hansısa çağırışlar olmasın, fəaliyyətlərə qadağa qoyulsun və s. Əlbətttə, qoyulmayacaq. Onsuz da Azərbaycanda buna heç bir qadağa yoxdur. Amma indiki vaxtda cəmiyyəti radikallaşdırmaq, ümumiyyətlə, ölkədə ikitirəlik yaratmaq, vətəndaşlar arasında qarşıdurmalara fitva vermək əlbəttə ki, Azərbaycan dövlətinin arxasına saplanan bıçaqdan başqa bir şey deyil. Bu baxımdan o radikal kəsim gərəksiz çağırışlar edir, Azərbaycan vətəndaşlarını qızışdırmaqla ölkədə hərc-mərclik yaratmağa çalışır, onlar ciddi düşünməlidirlər. Təbii ki, dövlət zatən bu cür əməllərə heç vaxt imkan verməyib, bundan sonra da verməyəcək. Amma, eyni zamanda, düşünürəm ki, vətəndaşlarımız da belə çağırışlar edənlərə öz yerini göstərməkdən çəkinməməlidirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət qeyd etdi ki, söhbət ondan gedir ki, Azərbaycan uzun illərdən sonra öz torpaqlarını millətin ən layiqli övladlarının qanı-canı bahasına işğaldan azad edib, dinc quruculuq mərhələsinə keçib, dövlətimizlə dünyanın ən aparıcı dövlətləri, beynəlxalq qurumları hesablaşır. Yəni biz nüfuz və hörmət sahibiyik. Belə bir şəraitdə Azərbaycanı içəridən qarışdırmaq, radikallaşdırmaq, hansısa gərəksiz çağırışlar etmək əlbəttə ki, yolverilməzdir və yerinə düşmür. O kəslər ki, siyasi iddialarla çıxış edirlər, buyursunlar etsinlər. Onlara heç kim nəsə demir. Zatən qarşıda bizi böyük siyasi proseslər gözləyir. Bəlli bir müddətdən sonra parlament seçkilərini gözləyirik. Bu ilin sonunda doğru bələdiyyə seçkilərini gözləyirik. Yəni, buyursunlar öz siyasi güclərini orada göstərsinlər, seçkiyə qatılsınlar, ona hazırlaşsınlar. Yəni, doğrudan da arxalarında xalqın, yaxud da seçici kütləsinin olduğunu göstərmək istəyirlərsə, meydan oradır, seçkidir. Buyursunlar, ona hazırlaşsınlar. Yoxsa, durub-durduqları yerdə heç bir ehtiyac olmadan Bakının ortasında hanısa radikal çağırışlarla əhalini bir yerə toplaşmaq, insanları qızışdırmaq, guya hansısa siyasi iddialarla çıxış etmək, bunların heç biri yerinə düşmür. Hələ nəzərə alaq ki, ətrafımızda baş verən proseslər Azərbaycanın həqiqətən də çox mürəkkəb bir coğrafiyada yerləşməsinin göstəricisidir. Bir tərəfdə, Rusiya-Ukrayna müharibəsi, bir tərəfdə İranla İsrail arasındakı münasibətlər, bütün bunlar əlbəttə ki, Azərbaycanı daha ehtiyatlı davranmağa sövq edir. Digər tərəfdən də Ermənistanla sülh müqaviləsinin hələ də bağlanmaması birmənalı olaraq Azərbaycanın daxilində vətəndaş həmrəyliyinin yüksək səviyyədə tutulmasını zəruri edir. Belə bir şəraitdə kimlərsə, durub vətəndaşlar arasına ikitirəlik salacaqsa, hansısa qarşıdurmalara sövq edəcəksə, əlbəttə ki, o adamlara gərəkli cavab veriləcək, dövlət onlara layiq olduqları yeri göstərəcək.

Cavid Əkbər, “İki sahil”