16 aprel 2024 12:07
282

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lər cərimələnib.

Bu barədə “İki sahil”ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirilib.

Məlumata görə, adıçəkilən provayderlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.