17 aprel 2024 14:04
160

Dost Azərbaycanda Ukraynanı təmsil etmək mənim üçün şərəf idi- Səfir

“Mən Azərbaycan və burada yaşayan insanlar haqqında çox müsbət təəssüratlarla vətənə qayıdıram”.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna səfiri Vladislav Kanevski Azərbaycanda diplomatik missiyasının başa çatması ilə bağlı "Facebook" hesabında paylaşımında bildirib.

"Bu, suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, sürətlə inkişaf edən bir ölkədə diplomatik həyatımın parlaq, məzmunlu və səmərəli dövrü idi. Azərbaycanlılara öz ölkələrinin zəngin tarixini, mədəniyyətini və adət-ənənələrini daha yaxından tanımağa, Azərbaycana rəğbət hissini inkişaf etdirməyə kömək etdiklərinə görə minnətdaram. Azərbaycanlılar, siz çox gözəlsiniz! Tale mənə Ukraynanın dostları və öz ölkəsinin vətənpərvərləri, əsl peşəkarları ilə ünsiyyət və işləmək fürsəti verdi, onlarla dövlətlərimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirdik, yeni səmərəli ikitərəfli əməkdaşlıq mexanizmləri yaratdıq".

Səfir bildirib ki, onun fəaliyyət müddətində Ukraynanı Azərbaycanda təmsil edən - Ukrayna Ticarət Evi, Ukraynanın Fəxri Konsulluğu, Ukrayna Mərkəzi kimi qurumlar yaradılıb.

Səfir müharibədən əziyyət çəkən ukraynalılara yardım göstərmək məqsədi ilə könüllü hərəkatlarının təşkilində fəal dəstəyə görə Azərbaycandakı Ukrayna icmasına təşəkkür edib.