17 aprel 2024 22:16
243

ƏBƏDİYAŞAR RƏHBƏRİ BİR DAHA XATIRLAYARKƏN...

Qurtuluş mübarizəmizin qalibi, Azərbaycan dövlətçiliyinin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Vətəni qarşısındakı tarixi xidmətləri artıq dünyanın siyasət və dövlətçilik xəritəsinə qızıl həriflərlə əbədi həkk olunmuşdur. İndi bu böyük və əzəmətli həqiqəti dərk etməyən bir nəfər də olsun azərbaycanlı tapılmaz. Çünki Azərbaycan dövlətinin xilası və möhkəmlənməsi yolunda hər bir hadisə, görülən nəhəng quruçuluq işləri qədirbilən xalqımızın bilavasitə iştirakı ilə, habelə dünyanın bir çox tərəqqipərvər insanlarının gözləri önündə baş vermişdir. Bir anlıq keçmişə nəzər salaq: “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsulzadənin vəsf etdiyi, sonradan endirilən müqəddəs üçrəngli bayrağımız təzədən, ikinci dəfə, həm də həmişəlik göylərə qaldıran kim oldu? Ulu Öndərimiz Heydər Əliyev! Dağılmaqda, məhv olmaqda olan Azərbaycanı dünyanın sayılıb- seçilən ölkələr sırasına kim çatdırdı? Ümummilli Liderimiz Heydər Əliyev! Xarici, daxili düşmənlərlə mətanətlə döyüşə - döyüşə, yenilməz qətiyyətlə ölkəmizi qorudu, bəlalardan hifs elədi. Gəncəyə,- tankların, od saçan silahların üstünə cibində barmaq boyda olan bir tapanca gülləsi belə olmadan getdi. Hər cür hədə və təhdidlərin qabağnda nə Lahıc kəndinə, nə Moskvaya nə də Kələkiyə üz tutdu. Canından artıq sevdiyi xalqını, Vətəni özünə arxa, dayaq bildi. Qədirbilən xalqımız da öz müdrük və dahi rəhbərini sevdi, qorudu, xatirəsini əbədiləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı bəzi vacib məqamlara toxunaraq deyib ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: “Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.

Bu günlərdə dahi rəhbər Heydər Əliyevin 101 illiyini fərəh və qürurla qeyd edirik. İnanıram ki, hələ çox- çox belə illər, zamanlar keçəcək, Azərbaycan xalqı öz böyük öndərini əsrlər boyu hörmət və məhəbbətlə xatırlayacaq, bir az obrazlı şəkildə desək,- sevə - sevə xatırlayacaq, xatırlaya-xatırlaya sevəcəkdir! Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf və tərəqqi üfüqləri açmaqla sübuta yetirib. Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi hamilə və parçalanmaq təhlükəsinin astanasında olarkən ölkəmizin “91-lər” adlanan bir qrup sayılıb- seçilən ziyalıları dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Tarixi bir müraciət imzaladılar. Təəccüblüdür ki, həmin zaman ölkəyə “rəhbərlik” edən qüvvələrin özləri də, Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev həmin günləri xatırlayarkən demişdir: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”

Ölkəmizin xoş və fərəhli günlər yaşadığı bu günlərdə Qarabağın düşmən işğalından tamamilə azad olub,təzədən qurulub dircəldiyi zamanlarda təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin inkişafının artdığı, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi fəaliyyəti ilə bağlıdır. Görülən ucsuz-bucaqsız quruculq işləri,- Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradılmasını bir daha xatırlamaq qürur doğurur. Öz dolğun, mənalı fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi məhkəmə islahatları, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatları yaratmaqla ölkəmizdə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımları xüsusi vurğulamaq yernə düşərdi.Həm də heç vaxt unutmaq olmaz ki, milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Yeri gəlmişkən, 2018 -ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur: “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Azərbaycan dövlətinin daim, davamlı halda möhkəmləndirilməsi yolunda və Azərbaycan xalqının rifahı naminə həmin tarixi həqiqətlərin banisi və memarı olan BÖYÜK AZƏRBAYCANLI HEYDƏR ƏLİYEVİN işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır! Bəli, illər keçdikcə Heydər Əliyev cismən bizdən uzaqlaşdıqca ruhən,qəlbən xalqımıza daha da yaxınlaşır...

Tahir MƏMMƏDOV,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
Əməkdar jurnalist