19 aprel 2024 01:15
286

“Lemkin İnstitutu”nun gülümsərovları

ABŞ-da fəaliyyət göstərən “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı ermənipərəst qurum dezinformasiyalara əsaslanaraq  ölkəmizi hədəfə almaqda davam edir. Özü də getdikcə “fəaliyyətini” genişləndirir. Bu, həmin Lemkin İnstitutudur ki, qısamüddətli lokal antiterror əməliyyatlarından sonra Qarabağ iqtisadi rayonunda ol­muş BMT missiyasının Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının daha doğrusu,  “etnik təmizləmə”nin qeydə alınmadığını bildirməsindən sonra təşvişə düşmüşdü. Çünki bu hesabat sözügedən qurumun düşündüklərini özündə əks etdirmirdi. 

Hətta “lemkinçilər” Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli  guya geosiyasi duruma və enerji məsələlərinə görə Azərbaycanı müdafiə etdiyini bildirmişdilər. Utanıb-qızarmadan vurğulamışdılar  ki, guya rəsmi Bakının erməni icması ilə istədiyi kimi rəftarı cəzasızlıq mühiti formalaşdırır. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, erməni əsilli sakinlərin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdilər. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq tələb olunurdu. Amma haylar bunu qəbul etmədilər və  Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Göründüyü kimi, bu, erməni əsilli şəxslərin Qarabağ iqtisadi rayonunu könüllü tərk etmələrindən başqa bir şey deyildir.

Xülasə, bu institut xeyli müddətdir ki, heç bir əsas olmadan baş verənləri soyqırımı kimi təsnif etməyə can atır ki, buna da haqq işi uğrunda mübarizədə zərgər dəqiqliyi göstərən Azərbaycanın diplomatik gücünün və qətiyyətinin sayəsində nail ola bilmir.  Amma institutun əməkdaşları hələ də bu çirkin niyyətlərindən əl çəkmirlər. Odur ki, yeri gəldi, gəlmədi hər dəfə bu “məsələ”ni gündəmə gətirməyə çalışırlar. Bu məqamda bizim məşhur “Ulduz” kinokomediyasındakı Gülümsərovun “limandra” “kəşf” etməsi fikrinə düşdüyünü xatırlamamaq mümkün deyil. Görünür, Lemkin İnstitutunun gülümsərovları da yeni bir “soyqırımı kəşf etməkdə” israrlıdırlar. Aydın məsələdir ki, belə dezinformasiyaları tirajlayanların konkret məqsədləri var; onlar bu tip yalanlarla son illər kifayət qədər uğurlara imza atan Azərbaycana qarşı kampaniyanı daha da genişləndirmək, onun imicinə zərbə vurmaq niyyətindədirlər. Şübhəsiz, “Lemkin”i belə dezinformasiyalar tirajlamağa vadar edən  harada gəldi ölkəmiz əleyhinə böhtanlar uyduran Fransa kimi dövlətlər və Makron kimi “siyasi lider”lərdir.

Yeri gəlmişkən qeyd edək ki, Lemkin İnstitutu  bu yaxınlarda bildirib ki, guya hazırda Bakıda saxlanılan separatçı, qondarma rejimin sabiq “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran rusiyalı erməni milyarder Ruben Vardanyana xüsusi  nifrət var. Halbuki, ona münasibəti digər canilərə, separatçılara yəni, qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyana, Bako Saakyana, Araik Arutyunyana, sabiq "xarici işlər naziri" David Babayana, eləcə də “parlament sədri” David İşxanyana, generallar-Lyova Mnatsakanyana, David Manukyana olan münasibətdən əsla fərqlənmir. Bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları onlara baş çəkərkən bunun bir daha şahidi oldular. Bu mənada “Lemkin”in əməkdaşlarının söylədikləri sadəcə cəfəngiyyatdan başqa bir şey deyil.

Şübhəsiz, institutun Ruben Vardanyan məsələsini qabartması heç də təsadüfi deyil. Belə ki, “Lemkin”in fəaliyyəti haqqındakı məlumatları diqqətlə nəzərdən keçirdikdə məlum olur ki,  sən demə, erməni diasporunun E.Poqosyan, L. Mirzoyan kimi radikal ünsürlərinin geniş təmsil olunduqları bu qurumu maliyyələşdirənlər arasında Ruben Vardanyanın xüsusi çəkisi var. Elə bu səbəbdən həmin  məsələni qabartmaqla əslində onu həbsdən çıxarmaq məqsədi güdürlər. Şübhəsiz, Ruben Vardanyan “xeyriyyəçilik və humanitar fəaliyyətinə” görə 2024-cü il Nobel Sülh Mükafatına namizədliyinin irəlü sürülmə mexanizmində də “lemkinçilər”in əli vardır.

İnstitutu  muzdlu mirzələrdən ibarət yığıntı adlandıran Qərbi Azərbaycan İcması haqlı olaraq onların ölkəmizə böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə etmələrini sərt şəkildə qınayıb: ”İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır”. 

Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn “Lemkin” də ölkəmizə qarşı qarayaxma öhdəliyi götürüb. Bu qurumun mütəmadi olaraq ölkəmizi “xatırlaması” əslində bizim uğurumuzdur. Görünür,  müstəqillik yolunda inamla irəliləyən,  dünyada söz sahibinə çevrilən Azərbaycanın nailiyyətləri onları da ciddi təşvişə salıb. Amma  nə qədər belə hədyanlar yağdırsalar da, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, rəsmi Bakını tutduğu yoldan və mövqeyindən döndərə bilməyəcəklər. Yəni, Qarabağ münaqişəsini tarixin zibilliyinə atan  Azərbaycan  digər məsələləri də uğurla həll edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”