17 aprel 2024 21:25
208

Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina edilməyəcək - İrakli Kobaxidze

Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə gedən müzakirəsi zamanı bir daha aydın oldu ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur. Bu qanun Avropa qanunudur və şəffaflıq heç kimə qarşı yönələ bilməz.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Amerika və Avropadan olan bəzi siyasətçilərin bəyanatlarında heç bir arqument görünmədi. Arqumentsiz bəyanatlar isə hakim partiyanın qərarına yenidən baxılması üçün əsas ola bilməz.

Baş nazir deyib: “Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır. Çünki bu qanun əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin Avropa qanunu olmaqla yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir".

İ.Kobaxidze deyib ki, Qərbin tənqidlərinə baxmayaraq, qanunun qəbulundan imtina edilməyəcək. QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT təbliğatı ilə məşğul olurlar.

“Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın. Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar”, - deyə İrakli Kobaxidze vurğulayıb.