18 aprel 2024 12:14
187

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə

Son illər Azərbaycanda içməli su və suvarma suyu ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı indiki dönəmdə məhdud su ehtiyatlarına malik ölkəmizdə həyata keçirilən böyükmiqyaslı tədbirlər nəticəsində əhalinin suya olan tələbatı demək olar ki, ödənilməkdədir. Eyni zamanda, respublikamızda minlərlə hektar torpaq sahəsi su qıtlığı üzündən əkinə yararsız vəziyyətə düşmüşdür. Mövcud olan köhnə infrastrukturun əsaslı təmir edilməsi, bir sıra böyük su anbarlarının tikilməsi ilə bu problemlərin həllinə çalışılır. Belə ki, Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər Bakının içməli su ilə təmin edilməsində də mühüm rol oynayır. Şəmkirçay su anbarı da ətraf ərazilərdə su qıtlığının aradan qaldırılmasında mühüm rol oynayır. Biz bura işğaldan azad olunan Qarabağda yerləşən Sərsəng su anbarında aparılan işləri də əlavə edə bilərik. Şirvan suvarma kanalının yenidən qurulması isə minlərlə hektar ərazini əkinə yararlı vəziyyətə gətirəcək.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov Şirvan suvarma kanalının bölgənin ekoloji durumuna müsbət təsirlərini qiymətləndirərkən bildirib.

O qeyd edib ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan kanalı uzun illərdir ki, fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. Su sızmaları üzündən ətraf torpaqlar şoranlaşıb və əkin üçün yararsızlaşıb. 1958-ci ildə inşa edilən bu infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə imkan verəcək. Gələn il isə Qarabağ kanalının inşasına başlanacaq. Bu kanal Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Həmçinin Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verəcək.

Şirvan suvarma kanalının suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacağını deyən deputat əlavə edib ki, kanalın işə düşməsi nəticəsində Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq, yüksək məhsuldarlıq əldə ediləcək.

Azərbaycanın ən böyük 5 gölündən biri olan Hacıqabul gölünün yenidən bərpasının böyük əhəmiyyətini xüsusi vurğulayan İltizam Yusifov deyib: “Şirvan şəhəri və Hacıqabul rayonunun ərazilərində yerləşən göl tarixən Kür çayının hövzəsi olub. Göl Kür çayı ilə bərabər, Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth sularının, yeraltı suların hesabına qidalanırdı. Göl bir neçə səbəbdən qurudu. Hacıqabul gölünün ekoloji vəziyyəti ilə bağlı məsələ bir neçə dəfə Milli Məclisin plenar iclaslarında səsləndirilib, o cümlədən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planlarına daxil edilib, müzakirə olunub və müəyyən araşdırmalar aparılıb. Bu yöndə komissiya da yaradılıb. Komissiya üzvlərinin təklifləri Hökumətə təqdim edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Hacıqabul gölünün bərpası istiqamətində vacib addımlar atıldı. Faktiki olaraq Şirvan suvarma kanalı yenidən inşa ediləcək. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılaraq, Mingəçevirlə Hacıqabul gölü arasında 200 kilometrdən çox olacaq. Kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Kanal istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq və bunun da təbiətə, ətraf mühitə çox müsbət təsiri olacaq”.

Deputatın sözlərinə görə, Hacıqabul gölünün dolması flora və fauna ilə yanaşı, həmin ərazidə yaşayan insanların məşğuliyyətini də artıracaq. Vaxtilə Hacıqabul gölündə tonlarla balıq tutulub, orada 54 növ bataqlıq quşları olub. Hansı ki, bu quşlardan beşinin adı "Qırmızı kitab"a düşüb. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq olar. Canlı flora və fauna da burada yenidən canlanar. Hacıqabul gölü köçəri quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malikdir. Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir.

“Gölün bərpası Şirvan və Hacıqabulda tullantı sularının idarə olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Gölün quruması təbii ki, bir sıra ekoloji problemlərə gətirib çıxarmışdı. Gölün sanitar-mühafizə sistemi demək olar ki, qorunmurdu. Eyni zamanda, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsi kimi hallarla qarşılaşırdıq. Gölün dolması isə sadalanan problemlərin aradan qalxması ilə nəticələnməklə yanaşı, ətrafda olan vətəndaşların göldən səmərəli istifadəsini şərtləndirəcək. İçməli su və suvarma su ilə bağlı həyata keçirilən layihələr Azərbaycan dövlətinin, xalqının ekoloji uğuru olacaq”, - deyə İ.Yusifov vurğulayıb.