18 aprel 2024 14:00
173

Biz istədiyimizə nail olduq - EKSPERT/VİDEO

Sülhməramlıların tez bir müddətdə ölkəmizdən çıxarılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli və milli maraqlarımıza söykənən siyasətinin nəticəsidir ki, bu gün biz istədiyimizə nail olduq.

“İki sahil” xəbər verir ki,  bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

"Açıq etiraf edək, elə 10 noyabr bəyannaməsindən sonra da müxtəlif dairələrdə rəylər və bəyanatlar verilirdi ki, sülhməramlılar bura nəinki 5 illik gəliblər, hələ bundan sonrakı 5 il də uzadılacaq. Amma bu gün biz sülhməramlıların vaxtından əvvəl ölkəmizdən çıxdığının şahidi oluruq", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ötən gün Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Ətraflı videoda: