19 aprel 2024 00:58
189

İslam dünyasının incisi - ŞUŞA

Prezident İlham Əliyevin «Şuşa şəhərinin 2024-cü il üçün «İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı» seçilməsi ilə bağlı Sərəncam imzalayıb

2023-cü il noyabrın 10-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin «Gənclər Paytaxtı- 2024» Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilməsi artıq Şərqdə belə zəngin mədəniyyət nümunələri ilə tanınan bu qədim şəhərə göstərilən diqqətdir. Tarixən Azərbaycan xalqı üçün əvəzedilməz olan Şuşa təbiətinin gözəlliyi, sənət abidələri, bu torpaqda yaşayıb-yaradan ziyalıları, yetirmələri ilə fərqlənib. Azərbaycana ilk rəhbərliyi dövründə Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyətinin inkişafına diqqət göstərən Ulu Öndər Heydər Əliyevin «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir» sözləri həqqi mənada qala kimi qorunan bu şəhərin bütünlükdə ölkəmizin ictimai- siyasi həyatındakı roluna verilən qiymətdir. Ötən əsrin sonlarında həmyerlilərini öldürərək günahı azərbaycanlıların üzərinə yıxan erməni daşnaklarının milli münaqişə yaratmaqla Qarabağın Ermənistana birləşdirilməsi kimi sərsəmləmələrinin, məkrli xəyanətlərinin qarşısını alan Ulu Öndər Heydər Əliyev şəxsən Xankəndidə olarkən belə Şuşanın taleyini fikirləşirdi. Hadisələrə çevik müdaxiləsi ilə aqanbekyanların, zori balayanların, silva kapitukyanların mənfur niyyətlərinin qarşısını alan və Şuşanı çox sevən tarixi şəxsiyyət Heydər Əliyev bu şəhərin iqtisadi-mədəni inkişafı naminə böyük xidmətlər göstərmişdi. Moskvada işləyərkən SOV. İKP. MK Siyasi Bürosunun üzvü kimi daşnakların «Qarabağın Ermənistana birləşmə» arzularının qarşısına sədd çəkmişdi. «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır» söyləyən Ulu Öndər Heydər Əliyev «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin konservatoriyası» adlandırılan bu şəhərin inkişafına milli-mənəvi sərvətlərimizə hörmət, tariximizin yaşadılıması baxımından xüsusi diqqətlə yanaşmışdır. Bu torpağa sevgisini «Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur» sözləri ilə ifadə etmişdir.

1993-cü ildə respublikada yaranan gərginliyi, qarşıdurmanı, xaosu aradan qaldırmaq, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarmaq üçün xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya, yenidən hakimiyyətə qayıdan Ulu Öndər «Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik» siyasi fəlsəfəsinin həlli üçün bütün gücü, iradəsi, qətiyyəti ilə çalışmışdır.” «Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazımdır» məntiqinin həlli üçün Vətəninə imkanlarından da artıq xidmət göstərmişdir. Bu amal uğrunda həyata keçirdiyi tarixi xidmətləri davam etdirmək estafetini etibarlı əllərə tapşıranda da əmin idi ki, Şuşa əbədi olaraq Azərbaycan xalqına məxsus olacaq. Azərbaycanı Şuşasız təsəvvür etməyən Ümummilli Liderin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”» söyləyən Ulu Öndər təcrübəli siyasi, dövlət xadimi, əsl vətənpərvər kimi yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. Ona da əmin idi ki, memarı olduğu Azərbaycanın suverenliyini tam təmin etmək, xalqımızı yurd həsrətindən qurtarmaq xoşbəxtliyi «nəyi, necə, nə vaxt həll etməyin» düsturunu formalaşdıran layiqli davamçısı Prezident İlham Əliyevə nəsib olacaq. Şuşa şəhərinə daim diqqət göstərən Ulu Öndər minillik abidələrin, tarixi şəxsiyyətlərin xatirələrini, adlarını əbədiləşdirən muzeylərin, məqbərələrin açılmasını, qorunmasını tariximizin yaşadılması baxımından da dəyərləndirirdi.

 2020-ci ilin noyabrın 8-də Dövlət Bayrağımızın Ermənistanın işğalından azad edilmiş Şuşada dalğalandırılması ilə Ulu Öndər Heydər Əliyevin ” arzusu reallaşdı. Həmin gün Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyev «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə müasir dövrümüzün Liderlik, Sərkərdəlik fəlsəfəsinə, Zəfər Gününün əbədiliyinə imza atdı. Artıq doğma, azad torpağa qayıdan insanların əli ilə Şuşa dirçəlir, yenilənir, müasirləşir.

Ötən ilin 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında
İslam dünyasının mədəniyyət paytaxı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə edilmişdi. «İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru»” mövzusuna həsr olunmuş həmin konfransda 2024-cü ildə abidələr məkanı Şuşa şəhərinin «İslam mədəniyyətinin paytaxtı» elan olunması Şərq aləminin, müsəlman dövlətlərinin ölkəmizə marağı daha da artırır. Təkcə respublikamızda deyil, bütün dünyada tanınan görkəmli şəxsiyyətlərin doğulub-boya başa çatdığı, çoxlarının qala adlandırdıqları Şuşa müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulur, bərpa edilir, gözəlləşir. Tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan şəhərdə dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi üçün tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına həssaslıqla yanaşılır. Şuşanın əsrlərdən bəri babalarımızdan yadigar qalan tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə çox işlər görülmüşdür.

Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə möhtəbər beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bu şəhərin mənəvi dəyərini daha da artırır. «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin, Dünya Azərbaycanlılarının Zəfər Qurultayının və digər mühüm beynəlxalq tədbirlərin keçirildiyi bu məkan bütün Şərq dünyasının incisi adlandırılır. TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”» elan ediməsi ilə abidələr məkanı olan bu şəhərin adı İslam dünyasının inciləri sırasında çəkilir. Şuşanın «İslam dünyasının mədəniyyət paytaxtı”» adına layiq görülməsi ölkəmizə beynəlxalq səviyyədə göstərilən daha bir etimaddır.

 Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il isə Azərbaycanda «Şuşa İli”» elan olunub. İşğal altında saxladıqları müddətdə Şuşanı viran qoyan, abidələri dağıdan erməni vandallarından fərqli olaraq Azərbaycan xalqı qurub- yaratmaq əzmini Şuşada uğurla davam etdirir. Bu gün Şuşa geniş mənada inşaat meydanını xatırladır. Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə Şuşa, Cıdır düzü həm də qardaşlıq məkanı, siyasət arenasına da çevrildi. Bundan sonra da bu diyar bütün müsəlman ölkələri, türk dünyası üçün müqəddəs, əziz ziyarətgaha çevriləcək.

 Onu da qeyd edək ki, 4-5 oktyabr 2023-cü il tarixlərində İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. İclasda Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.

Xuraman İsmayılqızı, «İki sahil»