19 aprel 2024 09:20
135

Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək

ABŞ-nin Venesuelanın neft-qaz sektoruna qarşı sanksiyaları bərpa etməsinə baxmayaraq, bu sahə inkişaf edəcək.

“İki sahil” xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının yayımladığı dövlət neft-qaz şirkəti “Petr leos de Venezuela S.A”nın (PDVSA) işçiləri ilə görüşündə deyib.

"Nə blokada, sanksiyalar, nə də lisenziyalar Venesuelanın neft, qaz və neft-kimya sənayesinin istehsalını dayandıra bilər", - Maduro bildirib. O hesab edir ki, Venesuela 7 il ərzində inkişaf edəcək və qlobal enerji bazarında əsas istehsalçılardan birinə çevriləcək. Maduro ABŞ-nin Venesuela neftinə qarşı sanksiyaları yüngülləşdirən 44 saylı Ümumi Lisenziyanı yeniləməmək qərarına toxunaraq, “PDVSA-nın inkişafı, böyüməsi üçün lisenziyalara ehtiyacı yoxdur və heç kim əsas enerji sənayemizin böyüməsini dayandırmayacaq”, - deyib.

Prezident deyib ki, Birləşmiş Ştatlar düz bir il əvvəl Venesuela Bolivar Respublikası hökuməti ilə birbaşa, qeyri-rəsmi, gizli danışıqlara başlamaqda israr edib. O qeyd edib ki, Qətər, İtaliya və Meksikada keçirilən danışıqların yeddi raundu zamanı diplomatik münasibətlərin bərpası, miqrasiya məsələləri və sanksiyaların aradan qaldırılması məsələləri müzakirə olunub.

"Bütün görüşlərdə yeganə tələb irəli sürdük - heç bir şərt olmadan, Venesuela cəmiyyətinə qarşı bütün birtərəfli cinayət tədbirlərini, bütün sanksiyaları və blokadaları ləğv etmək", - Maduro bildirib. O, Venesuelanın ABŞ ilə bağladığı müqavilələrin bütün müddəalarını yerinə yetirdiyini vurğulayıb. Maduronun sözlərinə görə, Vaşinqton “heç bir razılaşmanı, xüsusən də Venesuela cəmiyyətinə və iqtisadiyyatına qarşı bütün cinayət sanksiyalarının ləğvi ilə bağlı razılaşmanı yerinə yetirməyib.

O vurğulayıb ki, “heç kim Venesuelanın iqtisadi artımını, xalqın rifahının bərpasını və ölkənin inkişafını təkbaşına dayandıra bilməz”. Maduro aprel ayında yeni xarici investorlarla 20 strateji müttəfiqlik müqaviləsinin imzalanma mərhələsində olduğunu söyləyib.