20 aprel 2024 20:55
770

Məramı sülh olmayan Qərbin “sülhməramlı” qərəzi - ŞƏRH

Rusiya Federasiyası sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmişdi. Artıq sülhməramlı kontingentin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib. Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən bildirib ki, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Bu isə o deməkdir ki, Rusiya da yaxşı başa düşürdü ki, Qarabağdan erməni separatçı qüvvələri təmizlənibsə, Rusiya ordusunun burada qalmasına ehtiyac yoxdur. Bu addımı Azərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suveren hüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyinin göstəricisi kimi xarakteriə etmək olar. Sülhməramlıların çıxarılmasından sonra Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinn  daha da inkişaf edəcəyinə isə söz ola bilməz.

ABŞ da Fransa kimi Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi maraqlarını güdürlər 

Amma bəzi dairələr bunu fərqli formada şərh etməyəy çalşır. Hətta rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan ABŞ  Rusiya sülhməramlılarının Azərbaycandan getməsindən məmnun görünməyib və  Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırıb. Göründüyü kimi, ABŞ-ın sülhməramlıların çıxarılmasını alqışlamaq əvəzinə məsələni neqativ tərzdə şərh etməsi Vaşinqtonun rikayarlığının növbəti göstəricisidir. Amerikanın bu mövqeyi bir daha göstərir ki, ABŞ Fransa kimi Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. 

Yəni, belə münasibət sərgiləmək Cənubi Qafqazda möhkəmləmək istəyən qüvvələrin Rusiyaya qarşı qərəzli münasibətlərindən irəli gəlir. Məsələyə münasibət bildirən Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib ki, bir müddət sülhməramlılar Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi: “Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”.

Digər tərəfdən, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından, eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasından sonra Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirməklə ərazilərində separatizmin kökünü kəsən rəsmi Bakı bölgəyə yeni reallıqlar bəxş etməklə yanaşı, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış edib. Hazırda reallıq ondan ibarətdir ki, qüdrətli Azərbaycan Qarabağ mövzusnu bağlayıb, işğaldan və separatizmin hərbi təzahürlərindən xilas edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, Rusiyanın sülhmərmalı missiyasının işğaldan azad edilmiş ərazilərimizdə mövcudluğuna daha ehtiyac yoxdur. Hətta bəzi ermənipərəstlər, o cümldən Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi işləri üzrə komitəsi sədrinin birinci müavini, qatı ermənipərəst deputat Konstantin Zatulin də bildirmişdi ki, Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu üçün heç bir səbəb yoxdur. Odur ki, onlar öz missiyalarını 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında göstərilən müddətdən tez başa vurublar və ərazilərimizi tərk edirlər. Sadaladığımız faktlara əsasən deyə bilərik ki, bütün bu proseslərdə söz sahibi olan və sülhməramlıların Qarabağda müvəqqəti yerləşdiyini dəfələrlə vurğulayan Prezident İlham Əliyev olub. Yəni, bu, hər şeydən əvvəl nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan və Rusiya arasında münasibətlər onsuz da yaxşı idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”