23 aprel 2024 14:02
251

Yağ alarkən nələrə diqqət etməliyik? -  AGENTLİK RƏSMİSİ AÇIQLAYIR

Təmiz kərə yağının rəngi ağdan açıq sarıya qədər və bütün kütlə boyu eyni olmalıdır. Keyfiyyətli kərə yağının hətta qablaşdırmada olsa belə qoxusu hiss edilməlidir. Əgər paketi iylədikdə heç bir qoxu hiss etmirsinizsə, o zaman bu yağ saxta ola bilər. Təbii kərə yağına toxunduqda möhkəm olmalıdır, çünki tərkibində bitki yağları olan yağlar (palma, kokos, kolza, günəbaxan yağları) hətta dondurucuda belə tam donmur. Bitki yağı seçərkən isə birinci növbədə butulkada çöküntünün olub-olmamasına diqqət yetirilməlidir. Çöküntünün olması məhsulun korlanmasının işarəsidir. Belə məhsul acı tam verəcək və isitmə zamanı köpüklənəcək. Və təbii ki, etiket məlumatları ilə mütləq tanış olmaq lazımdır.                                                                                                   

Bu fikirləri "İki sahil"ə açıqlamasında  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Aynur Həsənova  bildirdi.       

Aynur Həsənovanın sözlərinə görə, Agentlik olaraq, etiketləmə tələblərinin yerinə yetirilməsinə nəzarət edilir. Cəmiyyətimizin də etiketləməyə həssas yanaşmasını istəyirik. Bəzən yağlara kərə yağı olmadığı hallarda elə adlar qoyulur ki, bu istehlakçılarda kərə yağ təəssüratı yaratsın. Üzərində inək şəkli qoymaqla, sanki bu inək südündən hazırlanmışdır kimi fikir yaratmağa çalışırlar və biz Agentlik olaraq, bu dediyimiz məqamlara çox diqqətlə yanaşırıq.      Həmsöhbətimiz vurğuladı ki, ictimai nəzarəti gücləndirməyə və istehlakçını belə hallar olduqda 1003 çağrı mərkəzinə bu barədə məlumat verməyə dəvət edirik. Və özlərinin də bu məsələdə aktiv iştirakçı, yəni artıq ictimai nəzarət də bu məsələdə öz rolunu oynamalıdır, istehlakçı da öz məsuliyyətini anlamalı və dövlətə bu sahədə öz dəstəyini göstərməlidir. Bununla istehlakçı həm də öz sağlamlığının qayğısına qalmış olacaq.                                                         

Yaqut Ağaşahqızı, "İki sahil"