24 aprel 2024 00:36
321

Fuad Qəhrəmanlı özünü həm təkzib, həm də rüsvay və ifşa edir

Uzun illərdən bəri anti-Azərbaycan dairələrin alətinə çevrilən AXCP funksionerləri son zamanlar yenə sosial şəbəkələrdə xaricdən aldıqları tapşırıqlar əsasında ləbbeyk deyib yaxa yırtırlar. Əsas dərd-sərləri də mitinqdir. AXCP sədri Əli Kərimlinin tapşırığı ilə “mitinq, mitinq” deyib özünə daha çox əl qatan şəbəkə üzvlərindən biri də onun müavini Fuad Qəhrəmanlıdır.

Ə.Kərimlinin sağ əli olan F. Qəhrəmanlı son günlər  sosial şəbəkə seqmentlərində bir tərəfdən sərbəst toplaşma azadlığından bəhs edir, digər tərəfdən isterikaya qapılaraq çox aqressiv şəkildə radikalların mitinq çağırışlarına məhəl qoymadığı üçün cəmiyyətimizə hücum edir, xalqı əsəbi şəkildə ittiham edir. Ə.Kərimlinin dirijor çubuğu ilə hərəkət edən bu zat sosial şəbəkələrdəki statuslarında onların bütün pozucu, inkarçı çağırışlarını rədd edən cəmiyyətimizi nəinki ittiham edir, bəzi hallarda irəli gedərək insanları ictimai və siyasi cəhətdən şüursuz adlandırır. Təbii ki, bu cür anarxist addımlar, insanları aşağılayan fikirlər ölkə ictimaiyyətində çox sərt formada qəzəb və ikrah hissləri yaratdığından F. Qəhrəmanlı ritorikasını yumşaldaraq, necə deyərlər, “hücum taktikasını” dəyişir. Çünki o özü də yaxşı bilir ki, cəmiyyətimiz radikal müxalifətin dabbaqda gönünə bələddir.

Ümumiyyətlə, son vaxtlar başda AXCP olmaqla radikal müxalifət düşərgəsinin funksionerlərinin sosial şəbəkələrdəki avantürist çağırışlarına diqqət edərkən xaricdəki məlum anti-Azərbaycan dairələrin “kirli siyasi texnologiyalar”ının manipulyativ təsirini asanlıaqla hiss etmək olur. Belə ki, F.Qəhrəmalı həmin statusunda yenə bir yandan “5 may mitinqinin beynəlxalq təzyiqlə nə əlaqəsi var”, - deyə sual edir, digər yandan isə “bizim sərbəst toplaşmaq azadlığını tələb etməyimiz dünyanın diqqətini Azərbaycana daha çox cəlb edə və bu istiqamətdə təzyiqlərin güclənməsinə daha tez yol aça bilər”yazır. Göründüyü kimi, F.Qəhrəmanlı bir neçə cümlədə özünü həm təkzib, həm də rüsvay və ifşa edir.

Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən radikal müxalifətin təmsilçilərinin fəaliyyət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onların əsas məqsədi ölkədə xaos, anarxiya yaratmaq, ictimai rəyi azdırmaq, vətəndaşların dövlətçiliyə inamını sarsıtmaq, milli-mənəvi dəyərlərə zərbə vurmaqdır. Hamımız yaxşı bilirik ki, Azərbaycanın müstəqilliyinə, inkişaf və tərəqqisinə qənim kəsilən bu antimilli ünsürlər erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının məkrli tapşırıqlarını canla-başla icra edərək, milli maraq və mənafeləri heçə sayaraq respublikamızda sabitliyi, təhlükəsizliyi hədəf seçən çağırışlar edir, insanları qeyri-qanuni hərəkətlərə sövq etməyə çalışır, qanunsuz addımları dəstəkləyirlər. 

Ancaq bütün bunlar əbəsdir. Bütün anti-Azərbaycan dairələr, eləcə də radikal müxalifət təmsilçilərinin, xaricdəki “sapı özümüzdən olan baltalar”ın-muzdlu “bloqgerlər” dəstəsinin arxasında dayanan xüsusi xidmət orqanlarının başbilənləri yadda saxlamalıdırlar ki, onlar bizim ölkəmizdə öz çirkin məqsədlərini heç zaman həyata keçirə bilməyəcəklər.

Bu da bir gerçəklikdir ki, Ə.Kərimli, F.Qəhrəmanlı kimi inkarçı, pozucu qaragüruhçular  Qərbdəki ağalarından aldıqları sifarişləri yerinə yetirərək ölkəmizə qarşı qarayaxma kampaniyasını getdikcə gücləndirsələr də heç nəyə nail ola bilməyəcəklər. Gec-tez bu qaragüruhçu dəstənin antimilli fəaliyyəti iflasa uğrayacaq.

Zahid Rza, “İki sahil”