24 aprel 2024 11:14
168

KOBİA: Azərbaycanda fəaliyyətə başlayacaq biznes subyektlərinə dəstək göstərməyə hazırıq

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda fəaliyyətə başlamaq istəyən biznes subyektlərinə dəstək göstərməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Başqırdıstan Biznes Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O vurğulayıb ki, Azərbaycanla Başqırdıstan arasında əlaqələrin inkişafının perspektivləri var: “Biz Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya Ticarət və Sənaye Palatası ilə fəal əməkdaşlıq edirik. Bu əməkdaşlığın məqsədi sahibkarların biznes təşəbbüslərini təşviq etmək, işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmaq və lazımi koordinasiyanı təmin etməkdir”.

O xatırladıb ki, 2022-ci ilin fevralında Başqırdıstan nümayəndə heyətinin Agentliyə səfəri yaxşı yadındadır: “Biz ilkin olaraq KOB-lar sahəsində əməkdaşlıq imkanlarını, Başqırdıstanın müvafiq idarələri ilə qarşılıqlı əlaqəni, potensial birgə tədbirlərin təşkilini, investisiya sahəsində məlumat mübadiləsini müzakirə etdik”.

O. Məmmədov deyib ki, KOBİA Rusiya Federasiyasının regionları ilə əlaqələri və birbaşa B2B əlaqələrini qoruyub saxlamağı vacib hesab edir: "Biz institusional səviyyədə, eləcə də iş adamları üçün daimi şəbəkələşmənin təmin edilməsi formatında qarşılıqlı fəaliyyətin gələcək perspektivlərini görürük".