24 aprel 2024 22:48
247

ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”, - o bildirib.

Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.