25 aprel 2024 11:10
232

Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus xarakteri formalaşıb

22 aprel 2024-cü il tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yol sahəsinin veteranları və işçiləri ilə görüşü keçirilib.

Görüşdə cənab Vladimir Putin çıxış edərək bildirdi ki, yarım əsr bundan əvvəl Baykal-Amur Magistralı xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük arteriyalarından biridir,gələcəyin əsl yoludur. BAM-ın tikintisində Sovet İttifaqının hər yerindən olan iki milyon gənc iştirak etmişdir. Onlar dünyada bənzəri olmayan layihə həyata keçirdilər. Sonra Rusiya Prezidenti BAM-ın tarixində Heydər Əliyevin müstəsna, böyük rolu olduğunu, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edərkən, bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmədiyini bildirdi. Cənab Vladimir Putin daha sonra qeyd etmişdir: “Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər”.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdir ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox sahələrdə fəal əməkdaşlıq aparırıq.

Cənab İlham Əliyev Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürünü bildirərək vurğulamışdır ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub. Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.

Görüşdə BAM-ın tikintisində çalışmış şəxslər həmin dövr ilə əlaqədar xatirələrini bölüşüblər. SSRİ nəqliyyat tikintisi nazirinin müavini işləmiş, “BAM birliyi” ictimai təşkilatının prezidenti Yefim  Basin çıxışında qeyd etmişdir ki, tikintiyə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev nəzarət edirdi. O, möhkəm iradəli, böyük erudisiyaya malik və səriştəli bir insan idi. O, mənim taleyimdə də əhəmiyyətli rol oynayıb. Mənim taleyimdə o, BAM-ın tikinti rəisi - SSRİ nəqliyyat tikintisi nazirinin müavini vəzifəsinə təyin edilməyimdə də mühüm rol oynayıb. Heydər Əliyevin BAM-a gəlişini dəqiq xatırlayıram. 1984-cü ilin iyun ayı idi. Bu, bütün BAM boyu “qızıl birləşmənin” ərəfəsi ili idi... Azərbaycanlı mütəxəssislər, İlham Heydər oğlunun dediyi kimi, BAM üzərində iki gözəl qəsəbə tikdilər. Amma əsas odur ki, onların memarlığı Azərbaycan milli üslubunda hazırlanıb. Bu qəsəbələr Ulkan və Anqoyadır. 2008-ci ildə Anqoya stansiyasındakı vağzala Heydər Əlirza oğlu Əliyevin adı verilib. Bu gün də həmin lövhə stansiyanı bəzəyir. Bu heyrətamiz insanın portretinə daha bir cizgi əlavə etmək istəyirəm. Azərbaycan BAM-dakı mütəxəssislərinə verdiyi vədi yerinə yetirən yeganə respublikadır - tikinti başa çatdıqdan sonra ölkə onları mənzillə təmin edib. Bu, bizim üçün çox vacibdir. 

İki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri olmuş Gennadi Fadeyev BAM haqqında xatirələrini bölüşərkən demişdir: Baykal-Amur Magistralının tikintisinə kimin daha çox töhfə verdiyi barədə danışanda, əlbəttə ki, orada bir çox mütəxəssisin, alimin və digərlərinin çalışdığından bəhs edirik. Ancaq təcrübəm, həyat yolum onu deməyə imkan verir ki, Heydər Əlirza oğlu BAM-a nəzarət edən rəhbərlərin ən yaxşısı idi. O, mahiyyət etibarilə, BAM-ın həyata keçirilməsinə nail oldu. O illərin necə çətin olduğunu xatırlayarsınız, həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi. 

Beləliklə, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin mövcud olmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri unudulmur, hazırkı dövrdə həmin ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətlərarası münasibətlər, əməkdaşlıq davam etdirilir. 

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri