25 aprel 2024 11:30
260

Rusiya-Azərbaycan dostluq münasibətləri - ŞƏRH

Xalqının ən çətin dövründə - Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə, maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas edib dinamik inkişaf yoluna çıxaran Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Əməkdaşlığın hüquqi əsasını 170-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş təşkil edir. Əsas sənədlər 1997-ci il 3 iyul tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi və 3 iyul 2008-ci il tarixli Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsidir. 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqlardan sonra iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənədə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Ümumilikdə Azərbaycanda Rusiyanın iştirakı ilə 1,4 mindən çox şirkət qeydiyyatdan keçib ki, onlardan  300-ə yaxını Rusiya kapitalı ilə, qalanları isə birgə müəssisələr arasındadır. Respublikada təmsil olunan iri rus istehsalçıları, şirkətləri və bankları arasında "Qazprom", "Lukoyl", VTB Bank, "Avtovaz", "Rosselxozbank" var. Azərbaycanda “Kamaz” və “Ural” markalı yük avtomobillərinin istehsalı və yığılması layihələri həyata keçirilir, “Qazel” markalı avtomobillərin yığılması zavodu istifadəyə verilib.

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilmişdir. Rusiya prezidenti Bu magistral yolun tikintisində Heydər Əliyevin rolunu da xüsusi qeyd edib:

BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.

Bu, bir daha göstərir ki, müəllifi olduğu layihələri, eləcə də rəhbərlik etdiyi işləri ən möhtəşəm nəticələrlə başa çatdıran Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri milyonlarla insanın həyatında bu gün də hiss olunur. Bu xidmətlər milyonlarla insan tərəfindən dərin minnətdarlıqla xatırlanır.

Nurlana Abdullayeva,
Bakı şəhəri, Ceyhun Həsənov adına 48 saylı tam orta məktəbin rus-dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü