26 aprel 2024 01:58
598

Ulu yurd yerimiz Nüvədi - Qərbi Azərbaycan

Bütün tarixi torpaqlarımız kimi, Qərbi Zəngəzurun Mehri rayonunda yerləşən Nüvədi kəndinin nisgili uzun illərdir ki, qəlbimizdən silinmir. Nüvədi ötən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlı əhalinin zorla tərk etdiyi sonuncu Azərbaycan kəndi idi. Türk etnosunun ən qədim izlərini özündə barındıran Nüvədinin qədim zəngin və keşməkeşli tarixi var. Bu kəndin adı ilk dəfə 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının Masırı nahiyyəsinin yaşayış məskəni olaraq çəkilir. Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Mehri rayonunun mərkəzindən 28 km şimal - şərqdə, Zəngilan rayonunun sərhədində, Arazqırağı ərazidə yerləşir. 1920-ci ildə tarixi Azərbaycan torpağı Zəngəzur Ermənistana verildiyindən, 1929-cu ilə kimi Nüvədi kəndi Cəbrayıl qəzasının Zəngilan rayonuna tabe olub. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi Komitəsi Azərbaycanın Nüvədi, Ernəzir, Tuğut kəndlərinin Ermənistan SSR-in Meğri qəzasına aid edilməsi haqqında qərar qəbul edib. Amma bu qərar xeyli müddət, 40 ilə kimi qeydiyyatdan keçməyib. Yalnız 1969-cu ilin may ayında hər iki respublikanın qanunverici orqanları tərəfindən təsdiq edilib. 1987-88-ci illərdə azərbaycanlıların kütləvi deportasiyası zamanı nüvədililər kəndi tərk etmədilər. Onlar əzm, iradə, qətiyyət, əsl yurdsevərlik nümayiş etdirərək kəndi tərk etməkdən imtina etdilər. Nüvədililərin bu şücaəti ulu öndər Heydər Əliyevin də diqqətini çəkmişdi. Ümummilli Lider nüvədililəri “çox dəyanətli insanlar” adlandırmışdı. Nüvədililər 1991-ci il avqustun 7-dən 8-nə keçən gecə kəndi tərk etmək məcburiyyətində qaldılar.

2021-ci il iyunun 18-də Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun Baş direktoruna və ISESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, 55 vərəqdən ibarət müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir. Vurğulanır ki, Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarını, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.

2021-ci il avqustun 7-də Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub. Konfransın iştirakçıları ölkəmizin başçısına müraciət qəbul ediblər.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Dövlət başçısının bildirdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bəli, elə Nüvədiyə qayıdacağımız gün də uzaqda deyil.

Zahid Rza, “İki sahil”