25 aprel 2024 22:38
312

Azərbaycan-Rusiya dostluq münasibətləri dərin köklərə əsaslanır

Azərbaycan beynəlxalq müstəvidə qəbul və hörmət edilən güclü dövlətə çevrilib. Bəzi hallarda nümayiş etdirilən ikili standartlar və müxtəlif pozucu dairələrin fəaliyəti Azərbaycana hansısa məsələni güclə qəbul etdirməyin mümkün olmadığını göstərir. Yenilənən dünyada çox az dövlətlər və onların rəhbərləri Azərbaycan və ölkə rəhbəri kimi uğurlar əldə edə bilir. Bu da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə gördüyü işlər və cənab Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin bəhrəsidir. Bu gün Azərbaycan deyəndə qalib dövlət, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların etibarlı tərəfdaşı və sürətli inkişaf edən ölkə yada düşür.

Prezident İlham Əliyevin Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya səfəri və hər iki ölkə Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq münasibətlərinin daha da inkişaf etdiyini göstərir. Bildiyimiz kimi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Məhz həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd kimi tarixə düşüb. Beləliklə bu sənədlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafını xarakterizə edib. Azərbaycanın şanlı qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi zamanı müharibəni başa çatdıran müqavilənin imzalanmasında da Rusiya xüsusi rol oynayıb. 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri, o cümlədən nəqliyyat layihələrini əhatə edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm iki ölkə, həm də digər tərəfdaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident Rusiya səfəri çərçivəsində həm də Baykal-Amur Magistralının 50 illik yubileyində iştirak etmişdir. Yubiley münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı hər iki ölkənin Prezidentlərinin çıxışı özündə dostluq münasibətlərinin yüksək səviyyədə olmasını ehtiva edir. Rusiya Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyevə ehtiramını ən yüksək səviyyədə vurğulaması Azərbaycan xalqının ümumilli liderinə və ümumilikdə xalqa verilən dəyərin təcəssümüdür. Prezident İlham Əliyev “Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir” – deyə qeyd etməklə iki ölkə arasında dostluq münasibətlərinin dərin köklərə əsaslandığını ifadə etdi. Bu, yalnız iki ölkə üçün deyil, ümumilikdə region üçün müsbət vədlər verməkdədir. Azərbaycanın beynəlxalq səviyyədə sülhün bərpası və əmin-amanlığın qorunması üçün apardığı balanslaşdırılmış siyasət öz müsbət nəticələrini bundan sonra da  verəcək.

Şahin İsmayılov, 
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü