27 aprel 2024 00:25
287

Qərbdən rəsmi İrəvana tərs şillə

Yaxud N.Paşinyan hökumətinin demokratiya imitasiyası iflasa uğrayır

Son illər Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması halları daha da çoxalıb. Artıq nüfuzlu beynəlxalq təşkilatlar əvvəlki illərdən fərqli olaraq Ermənistanda bu istiqamətdə baş verənləri, əsl reallıqları ört-basdır etmədən öz hesabatlarında əks etdirməyə başlayıblar. ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının hesabatlarında son illər bu ölkədə insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslərə, jurnalistlərə qarşı qaldırılan cinayət işləri haqqında və s. geniş əks olunub. Bundan başqa, Ermənistanda söz, mətbuat və sərbəst toplaşmaq hüquqlarının pozulması, ifadə azadlığının daha da məhdudlaşdırılması insan hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarında da öz əksini tapıb.  Belə ki, 2020-ci ilin ikinci yarısında İfadə Azadlığını Müdafiə Komitəsinin (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı barədə məlumat verib. Təşkilatın məlumatlarına əsasən, 2021-ci ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artıb.

“Freedom Hause” tərəfindən 2020-ci ildə hazırlanan “Nations in Transit” hesabatında Ermənistanda siyasi proseslərin yüksək dərəcədə qütbləşməsi, hakimiyyətin müstəqil qolu hesab edilən məhkəmə sisteminin qeyri-müstəqil olması bildirilirdi. Həmin təşkilat tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə hökumətin siyasətinin insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən ciddi çatışmazlıqlara görə qeyri-sabit olduğu vurğulanıb.

Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatında da Ermənistanda gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsindəki qanun pozuntuları yer alıb.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı 2023-cü ildə təqdim olunan hesabatında 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. məsələlər geniş əksini tapıb: “Xüsusən 2022-ci ildə aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”. Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar onu deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər”.

Ümumiyyətlə, ayrı-ayrı beynəlxalq təşkilatların yaydıqları hesabatlarda dəfələrlə göstərilib ki, son illər Ermənistanda baş verən işgəncələr, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər adi hala çevrilib.

Rəsmi İrəvanın bütün bunları inkar etmək cəhdləri heç bir nəticə vermir. Məsələn, “Past” qəzeti yazır ki, N.Paşinyan və hökuməti “Freedom Haus”un 2023-cü ildə Ermənistanda demokratik idarəetmə reytinqinin 2,50-dən 2,25-ə düşdüyü barədə hesabatını hələ də həzm etməyib. Üstəlik, eyni insan haqları təşkilatı Qərbdən İrəvana növbəti şilləsini vurub, onlar Ermənistanda polis zorakılığı xəbərlərindən narahatlığını ifadə ediblər: “ABŞ Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatını açıqlayaraq, İrəvan tərəfindən işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, habelə davam edən əsassız həbslər barədə etibarlı hesabatlar aldığını vurğulayır. Qərbin İrəvanın üzünə şillə vurması və birdən-birə həqiqətlə bir az da olsa üz-üzə gəlməyə qərar verməsinin bir neçə variantı ola bilər. Məsələn, bu, Paşinyana xəbərdarlıq ola bilər və ya ola bilsin ki, Qərb də Paşinyandan əlini üzüb”.

Bütün bunlar bir daha göstərir ki, N.Paşinyan hökumətinin demokratiya imitasiyası artıq iflasa uğrayıb. Nikolun “demokrat” maskası isə yırtılıb.

Zahid Rza, “İki sahil”