27 aprel 2024 20:10
332

Baş katib: İslam Maliyyə Xidmətləri Şurası Azərbaycanın İslam maliyyə sənayesini inkişaf etdirəcəyinə ümid edir

İslam Maliyyə Xidmətləri Şurası (IFSB) Azərbaycanın İslam maliyyə sənayesini inkişaf etdirəcəyinə ümid edir.

Bu barədə IFSB-nin baş katibi Qiyat Şabsiq İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantısı çərçivəsində deyib.

"İslam maliyyəsi artıq bütün dünyada yetkinlik həddinə çatıb və onu tətbiq edən çoxlu sayda ölkə var. Belə bir tələbin olduğunu görürük. Təbii ki, bu, həmin ölkələrin iqtisadi inkişafına öz töhfəsini verir. Bizim qaydalarımız, standartlarımız var və onları asanlıqla həyata keçirmək olar. Biz həqiqətən ümid edirik ki, Azərbaycan lazım gələrsə, bu standartları tətbiq edəcək və İslam maliyyə sənayesini inkişaf etdirəcək", - deyə o bildirib.

Q.Şabsiq qeyd edib ki, IFSB tənzimləyicil orqanlara İslam maliyyə standartlarını qəbul etməkdə və bu standartları daxil etmək üçün qanun və qaydalarını dəyişməkdə kömək edə bilər:

"Bu, sənayeyə kömək edəcək və onun təhlükəsiz və ağıllı işləməsinə imkan verəcək. Qlobal miqyasda İslam maliyyəsi son beş ildə hər il təxminən 14 faiz artıb. Bu, böyük artımdır. Qeyri-müsəlman ölkələr arasında bizim üzvlüyümüzdə Böyük Britaniya, Çin, Almaniya, Yaponiya var. İslam bankçılığı qeyri-müsəlman ölkələrində də çox sərfəlidir".

O qeyd edib ki, ölkələr İslam maliyyəsini qəbul edəndə daha çox imkanlara, daha çox alətə malik olduqları üçün bazarı dərinləşdirirlər:

"İslam maliyyəsinin inkişaf miqyası iqtisadi vəziyyətdən asılıdır".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Trend