29 aprel 2024 04:29
278

Fuad Muradov: Diaspor Gənclərinin builki Yay Düşərgəsi Laçında keçiriləcək

Diaspor Gənclərinin builki Yay Düşərgəsi Laçın şəhərində keçiriləcək. Yay düşərgəsinin Laçında təşkili gənclər arasında çox böyük maraq oyadır.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Fuad Muradov komitənin yeni nəsil diasporun formalaşmasına dəstək məqsədilə reallaşdırdığı layihələrdən və diaspor sahəsində bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edib: “Bunun üçün bizim bir neçə böyük proqramımız var. Bunlardan biri Diaspor Akademiyası layihəsidir. Bizim təlimçilər bütün dünya üzrə diaspor fəallarına və diaspor təşkilatlarının rəhbərlərinə müxtəlif istiqamətdə təlimlər keçir. Təlimlər əsasən kütləvi informasiya vasitələri ilə iş, layihələrin və müraciətlərin yazılması, parlamentlərdə görüşlərin keçirilməsi, təşkilatlanma və sair istiqamətlərində bacarıqların artırılmasını əhatə edir. Peşəkar təlimçilər müxtəlif bacarıqlar üzrə 9-dan çox fənn üzrə təlim keçir. Son dövrlərdə təlimlərə qoşulan gənclərin sayı artmaqdadır”.

“Digər layihə isə Diaspor Gənclərinin Yay Düşərgəsidir və 2019-cu ildən başlayaraq ölkəmizin müxtəlif regionlarında keçirilir. 2022-ci ildə Diaspor Gənclərinin III Yay Düşərgəsi Şuşada, “Heydər Əliyev İli” çərçivəsində keçən il isə “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi Naxçıvanda təşkil olunub. Məqsəd həmin gənclərin gələcəkdə diaspor təşkilatlarının rəhbərləri, diaspor fəalları olmasına və diaspor təşkilatları yaratmalarına dəstək olmaqdır”, - deyə komitə sədri əlavə edib.

AZƏRTAC